Pakistan hər zaman Azərbaycanın haqq işinə dəstək verib
17-06-2023, 16:28
İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki dost və qardaş dövlərin rəhbərləri arasında təkbətək və geniştərkibli görüşlər olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb.
Vurğulanmalıdır ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə də məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də işğalçı ölkəni bir dövlət kimi rəsmən tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür.
Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Pakistanın möhtəşəm dəstəyi xüsusi qeyd edilməlidir. bu zaman Pakistanın birmənalı şəkildə rəsmən Azərbaycanın yanında olub. Bu ölkənin kütləvi informasiya vasitələri, demək olar ki, hər gün müharibənin gedişi ilə bağlı obyektiv məlumatlar verib, həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırıblar. Bu qardaş dəstəyini hər bir azərbaycanlı öz üzərində hiss edir, buna minnətdarlıq əlaməti olaraq ölkəmizin hər yerində qardaş Pakistanın bayrağı bizim bayraqla birgə dalğalandırılırdı. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri bir çox sahələri əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub. Bu münasibətlər hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib, həm ikitərəfli, həm də çoxşaxəli xarakter alıb.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Hazırda dünyada gərginlik xeyli artıb, proseslərin mürəkkəbliyi getdikcə dərinləşir, yeni-yeni ittifaqlar, bloklar yaranır. Belə bir məqamda böyük hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq. Bu səfərdə ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün potensial xeyli yüksəkdir.
Hərbi təlimlərə gəlincə, bunun önəmini dövlətimizin başçısı cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, təlimlərin sayının artırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir.
Görüş zamanı qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir. Artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinoin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi