Böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu

6-12-2023, 10:27           
Böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu
12 dekabr Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anım günüdür. İyirmi il bundan əvvəl Azərbaycan öz böyük oğlunu itirdi. Ancaq bu on doqquz ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili oldu. Ötən illər ərzində Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşdu. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, həmin dövrdə onların heç biri Azərbaycanda yox idi. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.
Azərbaycan xalqının Heydər Əliyevin ruhu qarşısındakı ən böyük ehtiramı məhz bu xidmətə görədir. Dünya tarixində elə şəxsiyyətlər vardır ki, o şəxsiyyətlər təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olurlar və bəşəriyyət onlardan örnək alır. Ulu Öndər də xalq qarşısında göstərdiyi xidmətlərə görə belə şəxsiyyətlərdən biri idi.
Heydər Əliyev ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth etmiş bir şəxsiyyətdir. Bu, bizim üçün sirr deyil. Xalqımız müxtəlif tarixlərdə bunun şahidi olub. Xalqın dəstəyi və çağırışı ilə Heydər Əliyev ikinci dəfə Azərbaycana qayıdanda nəinki Azərbaycanı parçalanmaqdan qurtardı, yeni Azərbaycanın tarixini yazdı, dövləti yenidən yaratdı.
Əlbəttə ki, bu barədə çox danışmaq olar. Ancaq bütün sadalananların ən başında xalqa bağlı olmaq, xalqı sevmək, dövlətə bağlı olmaq dayanır. O, öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdı. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqın inamı ona əlavə güc verirdi. Ona imkan verirdi ki, ölkə maraqlarını daha da böyük uğurla müdafiə etsin.
Xalqla iqtidar arasında Heydər Əliyevin dönəmində yaranan birlik bu gün dövlətimizin uğurlarının əsas səbəbidir. Çünki iqtidarın siyasətinin təməlində Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları dayanır. Belə olan halda əlbəttə ki, uğurlar da olacaq. Düşünülmüş siyasətin və xalqla iqtidar arasındakı birliyin nəticəsidir ki, Azərbaycan müasir dünyada, dünya xəritəsində layiqli yer tutmaqdadır.
Şübhəsiz, bütün bunları biz Heydər Əliyevdən öyrənmişik, öyrənirik və bundan sonra da öyrənəcəyik. Gənc nəsil də vətənpərvərlik ruhunda tərbiyə alır və 44 günlük Vətən müharibəsində bunun bariz nümunəsini bütün dünya gördü. Heydər Əliyev siyasəti bundan sonra da davam etdirilməlidir, çünki ölkəmizin xoşbəxt gələcəyi üçün bu siyasətin alternativi yoxdur. Əgər Azərbaycan 1993-cü ildə, yaxud da ki, 2003-cü ildə başqa yolla getsəydi, ölkəmizi böyük faciələr gözləyərdi. Bizim üstünlüyümüz, xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı həlledici anlarda müdriklik göstərərək düzgün seçim etdi və bu seçimə sadiqdir. Bu seçim bizim gələcək uğurlarımızı da təmin edir.
Ulu Öndərin dediyi sözlər, onun arzuları, göstərdiyi yol, bizə öyrətdiyi dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik yaşayır və yaşamaqdadır. Əlbəttə ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri, xidmətləri ilə Azərbaycan bu gün dünyada tanınmış qüdrətli dövlətlərdən birinə çevrilib. Şübhəsiz, bu nailiyyətləri dövlətimizin rəhbərinin sayəsində əldə etmişik.
Sirr deyil ki, tarixi yaradanlar özləri də zaman keçdikcə tarixə çevrilirlər. Bu gün Heydər Əliyevin özü bizim üçün bir tarixdir. Ulu Öndərin böyük arzularından biri də tarixə çevrildi. Onun ən böyük arzusu Qarabağ torpaqlarının azad olunması idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək, Heydər Əliyevin həm ruhunu şad etdi, həm də Ulu Öndərin arzusu ilə tarix yazdı.

Türkan Cmşüdova – YAP üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.