Şuşa toplantısı Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək

20-02-2024, 12:19           
Şuşa toplantısı Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək
Bu il fevral ayının 7-də keçirilən andiçmə mərasimində xarici siyasətimizin hədəflərindən söz açan, dövlət başçısı kimi ilk rəsmi səfərini ənənəvi olaraq qardaş Türkiyəyə reallaşdıran Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinin vacibliyini bu sözlərlə ifadə edib: «Bizim başqa ailəmiz yoxdur». Ona görə də Azərbaycan Prezidentinin dost və qardaş Türkiyəyə səfəri xüsusi əhəmiyyət kəsb edir.
Artıq ənənəyə çevrilən hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də qardaş ölkəyə rəsmi səfəri dövlət başçımızın “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.
Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan Türkiyə qonşuları ilə mehriban münasibətlərini genişləndirməklə iqtisadi əlaqələrin şaxələndirilməsinə də töhfəsini verməkdədir. Türkiyənin təşəbbüsü ilə yaradılan Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması strateji tərəfdaşlıq, sülhyaratma missiyasını həyata keçirir.
Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına, hər kəsə fərdi yanaşma prinsipinə üstünlük verən Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə səfərləri zamanı insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı-acısına həssaslıqla yanaşması, yoxsul ailələrə göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun əsl vətəndaş, təcrübəli rəhbər olmasını təsdiqləyir. “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi. Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın birliyi ilə alındı.
Ankarada keçirilən görüşdə mətbuata verilən bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vürğuladı ki, “Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı”. Qeyd edilib ki, bu gün Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Görüş zamanı bu məsələ ilə bağlı geniş müzakirə aparılib. Ən əsası isə bildirilib ki, bu il iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi qərara alınıb. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də Prezident İlham Əliyevin dəvəti ilə bu görüşdə iştirak edəcəkdir. Bu, da öz növbəsində Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.
Türkiyə-Azərbaycan əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki əvəzsiz rolu son illərdə daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın sarsılmazlıq nümunəsidir.
İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi bu gün 7,5 milyard dollar təşkil edir.
Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Həmçinin nəqliyyat sahəsində də uğurlar artıb. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması nəzərdə tutulub.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.