COP 29-a ev sahibliyi əhəmiyyətli və məsuliyyətlidir

18-04-2024, 10:44           
COP 29-a ev sahibliyi əhəmiyyətli və məsuliyyətlidir
Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük beynəlxalq tədbirlərindən sayılan COP 29-a ev sahibi seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək nüfuzunun, bir dövlət rəhbəri kimi ona bəslənilən etimadın nəticəsidir. Çünki Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə və təşkilatçılıq bacarığına malikdir.
Bu etimad həm də son zamanlar dövlətimizə qarşı yönələn çirkin məqsədlər və məkrli kompaniyalar aparan siyasi dairələrə layiqli cavabdır, Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunun, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin göstəricisidir.
Qlobal əhəmiyyətli, olduqca vacib bir tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi və dünyanın diqqətinin Bakıya yönəlməsi qürur doğurmaqla bərabər, həm də yüksək məsuliyyət hissi tələb edir. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı cənab İlham Əliyev bu beynəlxalq tədbirə ev sahibliyi etməyin əhəmiyyətini qeyd edərkən bildirmişdir ki, “Bu Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür.
COP 29 Azərbaycanı dünyaya bir daha təqdim etmək, tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Bu mötəbər tədbirə sədrlik etmək dünyanın diqqətində olan və bəşəriyyəti düşündürən təxirəsalınmaz məsələlərin gündəmə gətirilməsinə imkan verəcək və özünün müsbət nəticələrini göstərəcəkdir. Bu tədbirdə dünyada gedən proseslərə, həm də iqlim, yaşıl proqramlarla bağlı məsələlərə Azərbaycanın öz mövqeyindən yanaşılacağı sözsüz ki, önəmli olacaqdır. Prezidentimiz də bu baxımdan bildirmişdir ki, “İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP 29 uğurla keçsin”.
Azərbaycan Prezidentinin forumdakı çıxışında dünyada baş verən hadisələrə, xüsusilə Azərbaycan - Ermənistan münasibətlərinə, bəzi dövlətlərin, ermənilərə havadarlıq edən siyasi dairələrin məkrli əməllərinə geniş yer verilməsi təbii olmaqla bərabər, dövlətimizin başçısının hadisələrə real baxımdan qiymət verməsi, münasibətlətin sağlamlaşdırılmasına, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bəşəri dəyərlərə sadiqlikdən, ciddi problemlərə beynəlxalq aləmin laqeydliyindən doğan narahatçılıqdan irəli gəlir. Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətandaşlarımızın istəklərini ifadə edir.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.