Azərbaycan-Belarus əməkdaşlığı perspektiv gələcəyə malikdir

17-05-2024, 15:50           
Azərbaycan-Belarus əməkdaşlığı perspektiv gələcəyə malikdir
Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Əminliklə demək olar ki, Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün nümunə ola bilər.
May ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfərə gəlmoşdir. Həmin gün keçirilən Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikiölkə arasında münasibətlərin genişləndirilməsi və digər məsələlər müzakirə edildi. Prezident İlham Əliyev keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb. Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Görüşdə bu məqam da xüsusi vurğulandı ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Belarus Prezidenti vurğuladı ki, “münasibətlər çox səmimi, yaxındır. Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Kaş ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi”.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif etdi: « Biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.»
Prezidentlərin bugünədək keçirilən görüşlərinə diqqət yetirdikdə ümumi fikir bu olur ki, Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti bu münasibətlərin dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmasıdır. Münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Ən yüksək etimad dərəcəsi və əldə edilən razılaşmaların yerinə yetirilməsi də bu münasibətlərin fərqləndirici xüsusiyyətidir.
Belarus Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında bütün sahələrdə mövcud vəziyyət, eyni zamanda, gələcək inkişafın təmin edilməsi üçün görüləcək işlər, atılacaq addımlar müzakirə olundu. Ümumilikdə ayrı-ayrı sahədəri əhatə edən 8 sənəd imzalandı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə də tanış oldular.
Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdılar. Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.