Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
8-11-2024, 10:20
Üç il əvvəl 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham
Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra hər üç dövlərin
başçısı birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa
çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər.
Məhz bu bəyanatla Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30
il davam etmiş işğalına son qoyuldu. İmzalanan bəyanat, əslində,
Ermənistanın kapitulyasiya aktına imza atması idi.
Bununla da münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük
müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Prezident, Ali Baş
Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz
vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan
qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur
oldu. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar
əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan
tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132
km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu
gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin
keşiyini çəkir. Bəyanat imzalandıqdan sonra həm də iki dövlət arasında
sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya yaradıldı.
44 günlük Vətən Müharibəsinin yekunu ilə regionda yeni realliqlar
yarandı. Bu gün “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur,
tamamilə süquta uğrayıb. Azərbaycanın maraqlarına cavab verən üçtərəfli
Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı
siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq
istədiklərinin heç birini əldə edə bilmədi və bununla da “Böyük Ermənistan”
planı fiaskoya uğradı.
Bütün dünya üç il əvvəl Azərbaycan xalqının birliyi və siyasi
həmrəyliyinin şahidi oldu. Vətən müharibənin yekununda itirilmiş ərazilər
tamamilə qaytarıldı. Uzun illər davam edən münaqişə başa çatdı və
torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Vətən müharibəsindən
sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi
güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad
olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm
danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki,
Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz
amalına qovuşacaqdır.
Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il
sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri
nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin
qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti
altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”
çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən
qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə
qaytarılması işləri uğurla həyata keçirilir. Müharibədən dərhal sonra
Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan
çox vəsait ayırmışdı və qısa müddət ərzində işğaldan azad olunmuş
şəhərlər və qəsəbələrdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi
abidələr, muzeylər, məscidlər və s. bərpa olunur. Azad edilmiş rayonlarda
böyük ərazilərdə minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu
işlər davam edir.
Gələcəkdə isə bu ərazilərdə bərpa quruculuq işlərinin daha geniş
vüsət almasının şahidi olacağaqıq. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu il noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada Türk
Dövlətləri Təşkilatının quruma üzv ölkələrin «Türk Əsri!» çağırışı altında 10-
cu yubiley Zirvə görüşündəki çıxışında bildirdiyi kimi: “Üç il əvvəl Vətən
müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad
olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu
məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində
vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı
nəzərdə tutulur”.
Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin
başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl
sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin
sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri
dönməsi nəzərdə tutulur”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı