“Azercell”dən növbəti dələduzluq - “Huawei” kampaniyası ifşa edildi

11-01-2017, 10:32           

"Azercell” şirkətinin daha bir fırıldaq kampaniyası abunəçilərin narazılığına səbəb olub.

Bu barədə şikayət edən Elşən Ağayev adlı "Azercell” abunəçisi məlumat verib. Şikayətçinin sözlərinə görə, şirkət kampaniya çərçivəsində uduşa düşmüş nömrənin sahibinə "Huawei” markalı ucuz telefon hədiyyə edib. Lakin şərtlərə görə, abunəçi hər ay 30 manatlıq kontur yükləməlidir: "5 gün öncə şirkətdən bir xanım zəng vuraraq nömrəmin kampaniyaya düşdüyünü, 100 nəfər içərisindən mənim qalib olduğumu, bu səbəbdən də kampaniyaya görə mənə telefon verildiyini bildirdi. Şərtlərə gəlincə dedi ki, sadəcə hər ay 30 manat ödəniş etməliyəm. Ödənişin içində həm pulsuz internet paket, həm də danışıq üçün müəyyən limit veriləcək. Bu limitlə bütün mobil operatorlarla 5 qəpikdən danışmaq olacaq. Bu, sərfəli olduğundan həmin xanımla razılaşdım. Hətta ona telefon satmaq məqsədi ilə bunu etdiklərini deyəndə təkidlə inkar elədi. Bildirdi ki, guya, onların məqsədi müştərilərinin sayı artırmaqdır. Hədiyyə kimi də telefonu verirlər. Nömrə qardaşımın adında olduğu üçün o, şirkətin Bakı ofisinə gedib sənədləri imzalayaraq telefonu aldı”.


Elşən Ağayev qeyd edib ki, "Azercell” şirkətinin ona kampaniya adı ilə verdiyi telefon 3 gündən sonra bağlanıb: "Telefon bağlanandan sonra məsələnin əsl üzü ilə maraqlandım. Məlum oldu ki, şirkət 30 manata təkcə internet paket verir. Şərtləri də odur ki, bir il ərzində 30 manatlıq internet paketin pulunu ödəmək lazımdır. Onda başa düşdüm ki, onların əsas məqsədi bu telefonu satmaq olub. Çünki çox az adam ayda 30 manatlıq internet paketdən istifadə edir. Yəqin ki, onlar mənim nömrəmə baxanda görüblər ki, ayda maksimum 5 manatlıq internet işlədirəm və telefonu da mənə satıblar. Deməli, mənin ödədiyim pulun ayda ən azı 25 manatını telefonun puluna çıxırlar”.

Şikayətçi onu da əlavə edib ki, telefonun ödənişi bir gün gecikən kimi üstünə əlavə cərimə gəlir: "O zaman da telefon ikitərəfli bağlanır. İstifadə etmək mümkün olmur”.

Şirkətdən Elşən Ağayevə zəng edilən zaman istifadə olunan nömrə ilə əlaqə saxlamaq istəsək də, həmin nömrələrin təyin olunmadığı bildirildi.

"Azercell” şirkətinin mətbuat xidmətindən məsələ ilə bağlı verilən açıqlamada belə bir kampaniyanın olduğu təsdiqlənib: "Marketinq şöbəsi müəyyən vaxtlarda nömrələri seçib bizim müştəri xidmətlərinə təqdim edir. Müştəri xidmətləri də həmin insanlarla əlaqə saxlayıb onlara bizim təkliflərimiz haqda məlumat verir. Bu dəfə də kampaniyanın içərisində həmin "Huawei” markalı telefonun alınması var idi. Müştəriyə yalnız bu telefon və üzərində də 30 manatlıq hədsiz internet tarifi təqdim olunub. Elşən bəy söyləyir ki, bu kampaniya ərzində ona 30 manata həm internet paketi, həm də danışıq veriləcəyi bildirilib. Amma bu kampaniya çərçivəsində heç bir nömrələr arasında pulsuz danışıq məsələsi olmayıb. Belə bir şey yoxdur. Bu kampaniyada yalnız 30 manatlıq hədsiz internet tarifi təqdim olunur. Hədsiz internet tarifinə qoşulduqda, sonda telefon müştəriyə pulsuz qalır”.

Qeyd edək ki, müştəriyə təxminən 360 manata sırınan "Huawei – Y5” telefonu satışda 157 manatadır.//bakipost












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.