İsmayıllı: Eşitdiklərim və gördüklərim- II yazı

23-01-2017, 16:52           
İsmayıllı: Eşitdiklərim və gördüklərim- II  yazı
50-ci illərdə dağ kəndlərimizin birində Cavad adında ruhi xəstə bir kişi olub. Dəvət olunmadan qonşu kəndə toya gedib, bir az da şuluqluq salıb. Toy sahibi:
- Ay Cavad, səni toya kim çağırmışdım? Gəlib hələ bir toya şuluqluq da salırsan?
- Cavad:
- Məni toya çağırmaq nə lazım. Çıxdım yala, eşitdim ki, Alışan zurnada çalır: “Cavad gəl, Cavad gəl”. Mən də gəldim
Mən isə çalışacam ki, Cavad kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr İsmayıllıda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası yada düşür.
Hacı Qara Ağcabədi bazarında pəjmürdə vəziyyətdə oturub. Bu yandan da molla gəlib deyir:-Hacı, dədənə Quran oxumuşam, bir abbası ver.O da cavabında:
- Sənə kim demişdi ki, dədəmə Quran oxuyasan? Mən pulnan Quran oxutmuram. Lazım olanda özüm oxuyaram.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. İsmayıllı Rayon İcra Hakimiyyətinin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam,tapşırıq,göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
İsmayıllı şəhərinin irili-xırdalı 89 küçəsi var. 2013-cü ilin fevralınadək-məlum yanvar hadisələrinə qədər bu küçələrin heç biri nəqliyyatın və piyadaların hərəkəti üçün yararlı deyildi. Ötən müddətdə həmin küçələrin 52-si asfatlanıb, bir hissəsində işıqlandırma sistemi də quraşdırılıb, səkilər tikilib. Diyallı kəndinə qaz xətti, asfalt yol çəkilib, içməli su təchizatını yaxşılaşdırmaq üçün artezian quyusu qazılıb istifadəyə verilib.
Müdrü, Mücü, Pirəbilqasım, Qalınçaq, Gideyli, Talış, Külüllü, Kürdeldarbəyli kəndlərində və başqa yerlərdə yeni məktəb binaları, şəhər ərazisində 140 və 100 yerlik, Mican məhəlləsində 40 yerlik, Sumağallı kəndində 40 yerlik uşaq bağçası tikilib. Ən müasir formada tərtib və təchiz edilib.
Təhsil müəssisələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 evdən ibarət yeni qəsəbə salınıb. Buraya avtobus marşrutu açılıb, telefon çəkilib. İnternetə qoşmaq da yaddan çıxmayıb.
İsmayıllı-İvanovka-Hacıhətəmli-Mollaisaqlı asfalt yolu çəkilib, 27 kilometrlik İsmayıllı-Qaraməryəm fundamental asfalt yolu çəkildikdən sonra bu yol boyu yaşayan 30 min nəfərə qədər əhali rahatlıq tapıb. Ölkə rəhbərinə minnətdarlığını bildirib.
Uzun illər bataqlığa çevrilmiş, antisanitariya vəziyyətinə düşmüş bazar meydanı yerli imkanlar hesabına parka- “Saat meydanı”na çevrilib. Ağzıgöyçəklər bu işə də qulp qoyurdular. Guya ki, rayon İcra Hakimiyyəti buranı hasarlamaqla mövcud bazarı yeni tikilmiş “Yaşıl bazar”a köçürmək istəyir. Hər ikisi özəl müəssisədir. Özəl təşkilata rayon icra hakimiyyəti əsla inzibati təsir göstərmək fikrində deyil. Buna özünü ixtiyarlı hesab etmir.
Məqamıdır qeyd edim ki, ölkə rəhbərinin ciddi tapşırğı əsasında İsmayıllıda sahibkarlığın inkişafına hər cür yardım göstərilir, heç bir sahibkarın fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrə yol verilmir.
Sosial şəbəkələrdə lövbər salmış şər-böhtan müəllifləri bircə dəfə gəlib şəhər Mədəniyyət Mərkəzinə, Heydər Əliyev prospektinə, Mübariz Orucov, M.F.Axundov, Nizami Gəncəvi, N.Nərimanov, Qəşəm Aslanov, Rəşid Mahmudov küçələrinə baxsalar, gözlərini nə qədər qapasalar da görərlər ki, rayon İcra hakimiyyəti başçı ilə birlikdə işlə məşğuldur, ətrafdan gələn səslərə baxmayaraq karvanını inamla irəli aparır.
İndi fəallaşan “yazarlar” ən məhdud torpaq sahəsinə malik olan Lahıc qəsəbəsində bir neçə il bundan əvvəl hektarlarla torpaq mənimsənilməsini görmək istəmədilər. Qurdun ağzını bağlayan kimi onların da ağzını bərk-bərk bağlamışdılar. Özləri yaxşı bilirlər ki, nə ilə. “Lahıc misgərlik sənəti” UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilir, el oba təssübündən uzaqlar, başqasının uğrunu öz məğlubiyyəti kimi qəbul edənlər bundan bir xətt belə yazmırlar.
Sakinlərin ixtiyarına pulsuz verilən mərasim evi, Lahıc icma evi tikilir, Lülə dərəsindəki çayın üzərindən körpü salınır, küçələr abadlaşdırılır, xalq sənətkarlığı inkişaf etdirilir, bunu başçıya tənqid kimi yönəldirlər.Rəhmətlik Əliağa Ağayev “Komediyalar aləminə səyahət”də yaxşı deyirdi:”Heyvanuva şükür, xudaya!”
Musa Yaqub yazır:
Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər könlümü
Yaxşı ki, namərd yanında mərd də var
Biri söksə, biri tikər könlümü.
Mərdlər ölkəsi olan Azərbaycanın elektron mətbuatında heyif ki, tək-tək də olsa namərdlər hələ qalmaqda, şər atmaqda , böhtan yazmaqda, tələ qurmaqda, milli-mənəvi dəyərləri tapdamaqda, qanunları pozmaqdadır.
Xalq şairi Rəsul Rzanın bir bənd şeirini də diqqətə çatdırmaq yerinə düşər:
Elə bilmə xalq, Vətən sənə borcludur. Utan!
Bir sətrinə yüz kərə mükafat umma, yazıq!
Çalışma başqasını da çıxardasan sıradan,
Eləmə, yaxşı deyil, bala! Onsuz da azıq.
Növbəti yazımda bir az konkret olmağa, bir az da ünvanlı yazmağa çalışacağam. Haqlı, ədalətli həmkarlarıma da, məsləhət görərdim ki, hər an şərə müqavimət göstərsinlər, araqarışdıranların, inkişafa əngəl olanların qabağından qaçmasınlar.

Vahid Xəlilov
Veteran jurnalist












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.