İsmayıllı: Eşitdiklərim və gördüklərim- III yazı
26-01-2017, 17:52
teref.az - Eşitdim ki, özü İsmayıllıdan olan bir nəfər yeni bir kommersiya saytı açıb. Satdığı da şərdi, böhtandı, iftiradı, yalandı, təhqirdi və guya bunları əsaslandıran sərəncam, qaimə, bələdiyyə qərarları surətidir. Bu kommersiya saytının (dükanının) satıcısı da, təchizatçısı da bəllidir. Qazanc necə bölünür, bu da aydın məsələdir. Beləsinə züy tutan “jurnalistlərin” payına nə düşür, o da ağıllı, düşüncəli adamlara məlumdur.
İkinci yazıda Xalq şairi Rəsul Rzadan iqtibas gətirmişdim. Yenə də müraciət etməli oluram:
İnsan var ki, simü zər nəsib olmuş
İnsan var ki, tünd bibər nəsib olmuş
İnsan var ki, nə çarıqdı, nə köşə,
İnsan var ki, tut qıçından at dalına;
................... .........................
Ardını yazmağa lüzum görmədim.
Özünü insanlardan, insanlıqdan ayıran belə şər-böhtan müəllifləri İsmayıllıda torpaqların düzgün bölünməməsindən, bu sahədə qanunsuzluq hallarının baş verməsindən, kənd təsərrüfatı sahəsində gerilik olmasından, kadr seçiminin düzgün aparılmamasından utanmadan, həya etmədən, heç bir fakta əsaslanmadan yazırlar ha yazırlar. Əslində isə torpaq bölgüsü bu günün işi deyil.
İvanovakının “Abval” adlanan ərazisində 11 hektar torpaq məmur oğlu tərəfindən zəbt olunanda, orada göl yaradılanda, İvanovka, Hacıhətəmli içməli su kəmərinin suyunun həmin gölə axıdılması zamanı bu “həqiqət aşiqləri”, “vicdan cəfakeşləri” harda idilər, 2013-cü il yanvar hadisələrinə qədər İvanovkadan qrup-qrup mərkəzə şikayətə gedənləri görmürdülərmi? Azərbaycanda yeganə kolxoz olan bu təsərrüfatın əməkçilərinin haqqına şərik olanlardan bixəbər idilərmi? Xəbərdar idilər. Lakin o xəbərdarlığın haqqını alırdılar. 2013-cü ilədək İvanovka kolxozu idarə olunmurdu. Dövlət qarşısında İvanovka ilə bağlı məsuliyyətini dərindən dərk edən rayon icra hakimiyyətinin yeni başçısı İvanovkadakı mütəxəssislər və hüquqşünaslarla birgə kolxozun idarə olunması üçün hüquqi əsas yaratdılar. Bu əsasda indi bütün növ məhsulların istehsalı ardıcıl olaraq artır.
Bu bibər nəsib olmuşlar Kənd Təsərrüfatı nazirini və başqalarını günahkarlandırırlar ki, Həsən Həsənovu rayon kənd təsərrüfatı idarəsinin rəisi təyin ediblər. Bəs kim təyin olunmalı idi? Bəlkə başabəla jurnalistlərin könlündən keçirdi rəis olmaq? H.Həsənov kənd təsərrüfatı mütəxəssisidir. İşin ibtidasından başlayıb, kənd təsərrüfatı üzrə başçısının müavini vəzifəsinədək yol keçib. Bu sahə ləğv olunandan sonra şöbə müdirinin müavini vəzifəsi ona həvalə edilib. Heç kim nöqsansız deyil. O cümlədən Həsən Həsənov da. Lakin bu kiməsə haqq vermir ki, nazirə, başçıya qarşı ədəbsizcəsinə yazılı hücuma keçsin,onları nədəsə günahlandırsın. RİH başçısının müavini Mahmud Süleymanovun Talıstan bələdiyyəsinin sədri olarkən həyətyanı və digər məqsədlər üçün verdiyi torpaqların qanuni sənədlərinin surətlərini nümayiş etdirənlər yerin altından çıxarılıb satılan meliorasiya borularına görə aldıqlarını indikilərdən də almaq istəyirlərmi? O zaman bu talançılığa yeganə etiraz edən, həmin dövrdə başçının birinci müavininin fəal iştirakı ilə boru sökməyə gələn briqadanı ərazidən qovan da Mahmud Süleymanov olub.
İndi-indi öz xeyrinə oyanan jurnalistlər də, müxtəlif icra strukturlarında işləməkdə davam edənlər də yaxşı bilirlər ki, yerin altında suvarma üçün olan borular artıq yox dərəcəsindədir. Bunun təqsiri kimdədir, ay “tənqidçilər”?
30-cu illərdə “allahsızlar cəmiyyəti”, onun da çoxsaylı biletli üzvləri olub. Bəzi saytlarda goreşənliklə, danosbazlıqla məşğul olanlar, deyəsən, həmin cəmiyyətin üzvlərinin nəvə-nəticələridir.
Torpaqdan söz düşmüşkən bir faktın yanından əsla ötmək olmur. Birinci müavnin başçılığı ilə “desant” dəstəsi düzəldib yerlərə göndərirdilər. 40-50 il bundan əvvəl aldığın həyətyanı sotanın artığını kənara çıxarmalı və ya müəyyən olunmuş məbləği verməlisən. İndi öz xeyrinə agah olan “yazarlar” niyə belə qeyri-qanuni əmələ kor olmuşdular? Ərazi idarəetmə orqanları şöbəsinin müdiri Həsən Həsənov yeganə etiraz edən idi. Onu da işdən çıxarmışdılar.
Hansını yazasan, hansını deyəsən? Mirələsgər adlı bir nəfəri baş memar vəzifəsinə canişin kimi göndərmişdilər rayona. İki kubiki üst-üstdə görəndə çiçəyi çırtlayırdı. Özündən böyük vəzifə tutan köməkçisini də götürüb kəsdirirdi o yeri: “Qanunsuz tikinti aparırsan, icazə almamısan, gəl icra hakimiyyətinə” Ay sənəd, yazı, KİV dəllarları, bəs onda niyə səsiniz çıxmırdı? Qələminiz gözünüzü kor etmişdi?
Yeni-yeni iş yerləri açılmasına imkan verən, dövlət və əhali maraqlarına uyğun tikilib istifadəyə verilən obyektlərə görə rayon icra hakimiyyətinin üzərinə kimin maraqlarına xidmət göstərib hücuma keçirsiniz? Bu dərəcədə riyakarlıq olarmı? Yenə də R.Rzanın 4-cü cildinə müraciət etmək məcburiyyətində qalıram:
Tülkü yazmışdı:
-Xahiş edirəm ki, mən,
“Tülkü” adını götürəsiz üstümdən,
Lap günü bu gündən.
Elə adamlara tülkü deyirlər ki, düzü
Həya təri tökür mənim tülkü üzüm.
Səhifə 69
Olmazmı ki, düzü düz , əyrini, əyri yazaq? onu da qeyd edim ki, hamını haqsız, yalnız özünü haqlı, hamnı əyri, yalnız özünü düz bilmək ruhi xəstəlik əlamətidir. Belə adamların müalicəyə çox ciddi ehtiyacı var. Onlar dərmandan əvvəl qanunun gücü ilə müalicə olunmalıdırlar.
Onu da qeyd edim ki, 2007-2013-cü illər arasında İsmayıllı ərazisində torpaqların kimlər tərəfindən və kimlərə satıldığı, həmçinin müxtəlif saytlarda dərc olunan sərəncam və digər sənədlərin kimlər tərəfindən kopyalanaraq saxlanması və bu gün onları hansısa məqsədlərlə dövriyyəyə buraxanların fəaliyyəti barədə araşdırmalar aparıram. Növbəti yazılarda bu araşdırmaların nəticələri barədə məlumat verəcəm.
Vahid Xəlilov
Veteran jurnalist
teref.az