İlham Əliyev 3 yeni sərəncam verdi - siyahı

8-02-2017, 08:53           

Azərbaycan prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin) anadan olmasının 100 illiyi tamam olur.

Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnmişdir. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

***
Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci ildə Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

***

Azərbaycan prezidenti İlham Əliyev Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Hər 3 sərəncamın imzası ilə bağlı Nazirlər Kabineti və aidiyyatı qurumlara tapşırıqlar verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.