Nəsimi rayonunda “Azərbaycan ideologiyasının tarixi kökləri” mövzusunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir.
13-07-2017, 20:06
teref.az - 13 İyul 2017-ci il tarixdə Nəsimi rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə “Azərbaycan ideologiyasının tarixi kökləri” mövzusunda görüş keçirilmişdir.
Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Daim qonşu dövlətlər Azərbaycanı öz təsir dairələrinə salmaq uğrunda müharibələr aparmışlar. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı və onun xalqını iki yerə böldü. Azərbacanın şimal hissəsi Rusiya tərəfindən işğal edildi, cənub hissəsi isə İran dövlətinin tərkibinə qatıldı. 1917-ci ildə Rusiyada monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci ilin mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və müstəqil Azərbaycan Xalq Cumhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci ilin aprelin 28-də süqut etdi, Azərbaycan SSRİ-nin tərkibinə daxil edildi.1991-ci ildə Azərbaycan Respublikası öz müstəqəlliyini elan etdi. Müasir Azərbaycanın ideologiyası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan Respublikasına 1969-cu ildə rəhbər seçiləndə Azərbaycan geridə qalmış aqrar respublika idi, eyni zamanda ölkənin mədəni, sosial həyatında durğunlq yaşanırdı. Qısa bir zaman kəsiyində Heydər Əliyev Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxartdı, ölkəmizin gələcəkdə müstəqil yaşaması üçün lazım olan bütün işləri gördü. 1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi Azərbaycanın taleyində və tarixində dönüş nöqtəsi oldu. Onun təşəbbüsü ilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən geniş miqyaslı tədbirlərin həyata keçirilməsi milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Tarixi hadisələrin sonrakı gedişi sübut etdi ki, Heydər Əliyevin respublika rəhbəri kimi 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevirilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün münbit zəmin yaratmışdır. Həmin illərdə baş verən dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq səlnaməsinin ən parlaq səhifələridir. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş güclü potensiala əsaslanır.
Natiq çıxışına davam edərək bildirdi ki, 1993-cü ildə Azərbaycan böhranlı vəziyyətdə idi, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək, vətəndaş qarşıdurması təhlükəsi ilə üzləşmişdir. Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı daha ağır faciələr gözləyirdi. Heydər Əliyevin gərgin fəaliyyəti, qətiyyəti və yenilməz iradəsi hesabına Azərbaycanın müstəqilliyi qorundu, müstəqil respublikamızın gələcək təhlükəsizliyi təmin olundu. Bütün bunlar deməyə əsas verir ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Müstəqil respublikamızın bir dövlət kimi inkişafı, tərəqqisi və dünya ölkələri içərisində özünə layiqli yer tutması Heydər Əliyevin adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Əsası ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ideologiyası bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının apardığı siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənmiş, respublikamızın iqtisadi qüdrəti güclənmişdir. Bu il “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam Həmrəyliyi Oyunları” nın Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini bir araya gətirən həmrəylik bayramı və Azərbaycan idmançılarının zəfəri Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir. Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətindəki misilsiz fəaliyyəti göz qabağındadır.
Natiq qeyd etdi ki, cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərk edilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident bildrimişdir ki, cari ilin I yarısında Azərbaycanın inkişafı uğurla davam etmiş, ölkəmiz daha da güclənmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 20-dən çox modul tipli məktəb tikilərək istifadəyə verilmişdir. Qeyri-neft iqtisadiyyatımız 6 ayda 1,7 % artmışdır. 6 ay ərzində ölkə iqtisadiyyatına 5 milyard dollar sərmaye qoyulmuş, valyuta ehtiyyatlarımız artaraq 40,6 milyard dollar təşkil etmişdir. Sonra natiq görüş iştirakçılarına son 6 ay ərzində Nəsimi rayonunda görülmüş işlər barədə geniş məlumat vermişdir.
Görüş iştirakçıları İ.Fərəcov, Ə.Əsgərov və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.