Erməni ekspert: - “Taleyimiz Azərbaycanda həll olunur”
12-10-2015, 15:11
Rusiyanın Avrasiya inteqrasiya proyekti öz maraqlarını möhkəmləndirmək və inkişafa imkan verməmək üçün düşünülüb.
Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində erməni ekspert Stepan Safaryan deyib. Onun sözlərinə görə, İrəvan inteqrasiya proyekti adı altında təhqiramiz bir situasiyaya düşüb:
“Rusiya iki model yaradıb. Bunlardan birincisi Rusiyaya tabe olmayan Ukrayna modelidir. İkincisi isə Moskvaya tabe olan Ermənistan modelidir. O bizə deyir ki, özünüz hansı ölümü seçdiyinizi söyləməlisiniz. Ukrayna Krımı itirib Kiyevdə dayandı, amma biz İrəvanı da itirə bilərik. Rusiya Ermənistanı ələ keçirib və çalışır ki, Azərbaycanı da özünə tabe etdirsin. Əgər o, hər iki ölkəni ələ keçirsə, o zaman Gürcüstan müdafiəsiz qalacaq. Azərbaycan məsələsi həll ediləndə biz Gürcüstan dramını da görəcəyik. Yeganə çıxış yolu Ermənistanın Azərbaycana qarşı Avrasiya İttifaqına üzv olmaq istəyəcəyi təqdirdə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı veto tətbiq etməyidir”.