Putin Xəzərdən buraxılan raketlərən danışdı: - “80 metr hündürlükdə uçub...”

12-10-2015, 20:45           
Putin Xəzərdən buraxılan raketlərən danışdı: - “80 metr hündürlükdə uçub...”
Ötən həftə sonu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibə verib.

Virtualaz.org saytı xəbər verir ki, müsahibə əsasən Rusiyanın Suriyada başlatdığı əməliyyatlara həsr olunub.

Putin müsahibədə Rusiya donamasının gəmilərinin Xəzər dənizindən Suriyadakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə zərbə endirməsindən də danışıb və ilk dəfə bu raketlərin texniki xarakteristikasını açıqlayıb.

“Bu, əslində məxfi informasiya deyil. Marşrut boyu bu raketlər 147 dəfə dönmə həyata keçirib, 80 metrdən 1300 metrə qədər hündürlükdə uçub. Sürəti reaktiv təyyarənin sürəti ilə müqayisə olunandır”- deyə Putin bildirib.

Onun sözlərinə görə, xarici partnyorlar Rusiyanın yüksək texnoloji silahları və bu silahlardan istifadə edən mütəxəssisləri olduğu haqda məlumatlıdır. Lakin bu haqda ekspert səviyyəsində məlumatlı olmaq bir işdir, həmin silahların tətbiq olunduğunu görmək başqa işdir.

“Rusiyanın bu silahlardan dövlətimizin və rus xalqının milli maraqları naminə istifadə etmək iradəsinin olduğunu hamı gördü”- Putin deyib.

Rusiya liderinin bildirdiyinə görə, Rusiyanın ABŞ-da olduğu kimi 4500 kilometr məsafədə hədəfləri vuran raketləri də var. Bu silahlar “hava-yer” tiplidir və deməli, onlardan Rusiyanın hava məkanından istifadə etmək mümkündür.

Putin Rusiyanın Suriyadakı İŞİD hədəflərini yox, “mötədil müxalifəti” vurduğu haqda tənqidlərə də cavab verib: “Biz onlara dedik: əgər siz İŞİD-in mövqelərini daha yaxşı bilirsinizsə,- hansı ki, mən buna şübhə edirəm,- o zaman bizə hədəflərin koordinatlarını verin, biz onlarla məşğul olaq. Ancaq onlar imtina etdilər”.

“Bizə hədəfləri verin. Bundan sadə nə var?”-Rusiya dövlət başçısı təəccüblə bildirib.

Putin ABŞ-ın “Azad Suriya Ordusu”na təlim proqramının iflasa uğramasından da danışıb: “Planlaşdırmışdılar ki, 12 min adam hazırlayacaqlar. Sonra dedilər ki, 6 min adam hazırlayacaqlar. Ancaq cəmi 60 adam hazırladılar. Üstəlik məlum oldu ki, əslində onlardan cəmi 4-5 nəfəri İŞİD-lə vuruşur”.

Putin xatırladıb ki, Pentaqon bu proqrama 500 milyon dollar xərcləyib.

“O pulu bizə versəydilər, daha yaxşı olardı. Biz ondan beynəlxalq terrorçuluqla mübarizədə daha səmərəli istifadə edərdik”- deyə Putin istehza ilə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.