Baş nazir İlham Əliyevlə qəfil danışıqları haqda: - “Çoxdandır görüşmürdük...”
12-10-2015, 21:48
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən şənbə günü Bakıya etdiyi qəfil səfər barədə jurnalistlərə açıqlama verib.
Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, Qaribaşvili Azərbaycan qazının Rusiya qazı ilə əvəz olunmasına dair heç bir danışıqların getmədiyini deyib.
“Heç nəyi dramatikləşdirmək lazım deyil. Birincisi, mən Bakıya niyə getmişdim - bu, Azərbaycan prezidenti ilə olduqca adi, işgüzar görüş idi. Mən çoxdandı onunla görüşmürdüm. Əlbəttə ki, biz ölkələrimiz arasında mövcud olan sıx dostluq münasibətlərindən danışdıq, həmçinin strateji tərəfdaşlığın dərinləşməsi perspektivlərini müzakirə etdik. Xahiş edirəm bu məsələ ətrafında spekulyasiyalar dayandırılsın, çünki bu, bizim münasibətlərimizə təsir edir”- deyə Qaribaşvili bildirib.
Gürcüstan baş naziri deyib ki, Azərbaycan onun ölkəsinin strateji tərəfdaşı olaraq qalır və münasibətlərin yenidən nəzərdən keçirilməsindən söhbət getmir.
“Siyasətçi Azərbaycanla münasibətlərə yenidən baxmaq barədə necə düşünə bilər ki? Axı bu absurddur. Mən müxalifət partiyalarının belə absurd fikirlər irəli sürməsinə təəccüblənirəm”-Qaribaşvili əlavə edib.
Baş nazir hamını, o cümlədən siyasətçiləri əhalini çaşdırmamağa çağırıb. Onun sözlərinə görə, Əliyevlə görüşdə iki ölkə arasında münasibətləri necə inkişaf etdirmək, habelə Azərbaycan prezidentinin Tiflisə qarşıdakı səfərinə hazırlıq barədə danışılıb.
“Beləliklə, hər şey yaxışdır və mən hamını daha məsuliyyətli olmağa çağırıram”- baş nazir deyib.
Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın “Qazprom” şirkəti ilə Gürcüstana qaz təchizatına dair danışıqlar aparıb. Həmçinin bildirib ki, Gürcüstan qaz təchizatı mənbələrini şaxələndirəcək.
Gürcüstan hökumətinin “Qazprom”la danışıqları bu ölkənin qərbmeylli müxalifətinin kəskin etirazlarına səbəb olub. Ardınca Qaribaşvili Bakıya planlaşdırılmayan və qəfil səfər edib. Daha sonra Azərbaycan prezidentinin noyabrın 6-da Gürcüstana səfər edəcəyi açıqlanıb.
Gürcüstanın energetika naziri Kaxa Kaladze də Qaribaşvilinin bu səfərini şərh edib. Bildirib ki, baş naziri Bakıya səfərdə müşayiət etmirdi.
“Bu, baş nazirin Azərbaycan prezidenti ilə şəxsi görüşü idi”- deyə Kaladze bildirib.
Nazir görüşdə qaz məsələsinin müzakirə edilməsindən xəbərsiz olduğunu deyib.
“Mən bu haqda məlumatsızam, yəqin ki, hökumətin iclasında məlumat veriləcək”- deyə Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, kommersiya bazarı nizamlanandır və istənilən şirkət ona sərf edən qiymətə Azərbaycandan, Rusiyadan, Türkiyədən, İrandan, eləcə də Ermənistandan qaz ala bilər.
Rəqabət məsələsinə gəldikdə isə Kaladze deyib ki, bu haqda danışmaq münasib olmazdı, çünki Azərbaycan strateji tərəfdaşdır.