“Rusiya NATO-su” ilə ATƏT arasında sensasion Qarabağ anlaşması

13-10-2015, 20:04           
“Rusiya NATO-su” ilə ATƏT arasında sensasion Qarabağ anlaşması
Müşahidəçilərin “RusiyanIn mini-NATO” adlandırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı sensasion sayıla biləcək olay baş verib. KTMT baş katibi, general Nikolay Bordyuja bildirib ki, başcılıq elədiyi qurumla ATƏT Dağlıq Qarabağ konfliktinin nizamlanması üçün birgə çalışmaq barədə razılığa gəlinib.

“Biz birgə həyata keçirəcəyimiz kompleks tədbirlərlə bağlı anlaşmışıq. Azərbaycan-Ermənistan sərhədi və orada gücün tətbiqini istisna edən, eyni zamanda bu köhnə, lakin çox kəskin Qarabağ konfliktinin həllini real siyasi proses mərhələsinə çıxarmaq üçün siyasi addımlardan danışılıb”, - deyə Bordyuja KTMT Daimi Şurasının iclasında ATƏT baş katibi Lamberto Zanyerlə danışıqlarının yekunundan danışarkən söyləyib.

Rus generalının açıqlamasından ən əvvəl belə qənaət hasil olur ki, öz nizamnaməsinə görə müstəsna olaraq Ermənistanın təhlükəsizliyinə cavabdeh olan KTMT ilk dəfə olaraq onun məsuliyyət sonasına aid olmayan bir məsələyə - KTMT-nin üzvü olmayan Azərbaycanın tərkibindəki Qarabağ münaqişəsinə həll prosesinə cəlb olunur. Bu isə doğrudan da neçə vaxtdır durğunluq mərhələsinə girmiş problem ətrafında nəsə yeni keyfiyyət dəyişikiliyi deməkdir. Ən azından o baxımdan ki, Rusiya öz qoşunlarını məhz “KTMT qüvvələri” adı altında konflikt zonasına, Dağlıq Qarabağa yeritməyə çalışır.

Lakin bəllidir ki, Kremlin belə birtərəfli planlarına ABŞ və Avropa Birliyi, eləcə də Azərbaycan, hətta işğalçı Ermənistan isti yanaşmır. Bu mənada ATƏT-lə KTMT arasında Qarabağ ilkin anlaşması haradasa vəziyyəti Moskvanın xeyrinə yumşalda, yaxud sülhməramlıların bölgəyə yerləşdirilməsi üçün daha münbit şərait yarada bilər.

***

Maraqlıdır ki, KTMT rəhbərinin sonuncu açıqlanması Ermənistanın ekspert dairələrində narahatlıqla qarşılanıb. Erməni siyasi şərhçilərindən biri Akop Badalyana görə, blokun nizamlanma prosesinə cəlb edilməsi o demək olacaq ki, KTMT Ermənistanın təhlükəsizliyini qorumaq əvəzinə, bu təhlükəsizliyi Azərbaycanla danışıqlar predmetinə çevirəcək. “Deməli, KTMT vasitəçilərdən birinə çevrilməklə daha Ermənistanın təhlükəsizlik qarantı olmayacaq. De-yure isə hədəf odur ki, Rusiya KTMT bayrağı altında sülhməramlılar üçün mandat alsın” – bildirib erməni ekspert.
Ermənistanda bu xüsusda başqa bir narahatlıq oktyabrın 6-7-də Türkiyə hərbi vertolyotlarının Ermənistanın hava məkanını pozması sarıdan yaranıb. Bununla bağlı lragir.am-ın baş redaktoru Aykazn Qaqriyan maraqlı şərh yazıb: “Türk hərbi vertolyotları ölkəmizin hava məkanında 2-4 dəqiqə ərsində olub. Ermənistan tərəfinin sorğusuna cavab olaraq Ankara insidentin pis hava şəraiti ilə bağalı olduğunu bildirib. Bundan cəmi bor neçə gün öncə isə Rusiya hərbi təyyarələri Türkiyənin hava məkanını pozmuş, hadisə ilə əlaqədar rəsmi Ankara böyük səs-küy qaldırmışdı. Moskva da olayı pis hava şəraiti ilə bağlamışdı. Lakin artıq aydındır ki, məsələ hava ilə ilgili deyil”.

Bunun ardınca erməni icmalçı Türkiyənin hava sərhədlərinin pozulmasına NATO-nun dərhal, operativ reaksiya verdiyi halda, nə Rusiyanın, nə də KTMT-nin türk hərbi vertolyotlarının Ermənistan fəzasına daxil olmasına heç bir münasib bildirməməsinə narahatlıqla diqqət çəkərək qeyd edib: “Görünür Türkiyə öz növbəsində Rusiya və KTMT-nin öz müttəfiqlərini nə dərəcədə qorumaq qabiliyyətini sınamaq istəyib. Hərçənd, Ankaraya bu lazım da deyil. Hamıya aydındır və buna KTMT baş katibi də işarə vurub ki, Ermənistanı müdafiə edəsi olmayacaqlar. Təhlükə ondadır ki, Ermənistan KTMT-yə daxil olmaqla özünə hərəkət məhdudiyyəti yaradıb. Bundan əlavə, onun Türkiyə ilə sərhədləri “MDB-nin xarici sərhədi” adlanır və Rusiya xüsusi xidməti orqanı tərəfindən qorunur. Yəni İrəvan bu hissədə öz təhükəsizliyini qorumaq və başqa bloklara müraciət imkanlarından məhrum edilib. Beləcə, Ermənistan dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, mürəkkəb və təhlükəli regional oyuna cəlb edilib. Ayrı sözlə, Ermənistan deyəndə artıq bütün nəticələri ilə birgə Rusiya anlaşılır”.

“Ermənistanın mövcud durumu Rusiya və Türkiyəyə həmçinin imkan verir ki, onlar ziddiyyətləri imitasiya eləsinlər. Bu sahədə problemlər artıq yaranıb. İstisna deyil ki, Türkiyə vertolyotlarının Ermənistan səmasına girməsi Rusiya hərbi qüvvələrinin Qarabağa yeridliməsi üçün “fon” yaratmaq niyyəti güdür” - əlavə edib saytın baş redaktoru.

***

Ancaq bir məsələ var ki, Türkiyə rus hərbçilərinin sülhməramlı adı ilə Dağlıq Qarabağa yerləşdirilməsinə Azərbaycanın istəyi olmadan və Kremldən konkret ciddi güzəşt almadan razılıq verməz. Ankara və Moskvanın münasibətləri isə Suriyaya görə hazırda növbəti mürəkkəb mərhələdən keçir. Bu mərhələnin nə ilə yekunlaşacağı heç şübhəsizi ki, Qarabağ məsələsinə də proyeksiya olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.