Kürdüstan de-fakto parçalanıb

13-10-2015, 20:57           
Kürdüstan de-fakto parçalanıb
Dilşad Tərzi: “Kürdüstanda camaat artıq dörd aydır ala bilmədiyi maaşını tələb edir”

Dünən bəlli oldu ki, İraq Kürdüstanında daxili ictimai-siyasi vəziyyət kəskinləşib. Artıq iqtidardakı Kürdüstan Demokratik Partiyası – KDP ilə müxalifətçi “Gorran” qrupu arasında qalmaqal yaranıb. Hətta bu proses bəzi yerlərdə toqquşmalara səbəb olub. Kənardan müşahidə edənlər isə artıq Kürdüstanın bölünəcəyinə dair mülahizələr irəli sürürlər. Əslində, bu ilin əvvəllərində mən də İraqda – məhz Ərbildə səfərdə olarkən Kürdüstandakı siyasi qütblər arasında münasibətlərin heç də saf olmadığını eşitmişdim. Amma bunlar Məsud Bərzaninin rəhbəri olduğu KDP ilə Cəlal Tələbaninin sədrlik etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) arasında cərəyan edirdi. Bəs elədirsə “Gorran” qrupu hardan çıxdı və nə istəyir? Suallarımızı canlı telefon bağlantısı ilə İraq Türkmən Cəbhəsinin (İTC) Ərbil şöbəsinin ictimai əlaqələr ofisinin məsulu Dilşad Tərzi cavablandırır.


- “Gorran” Kürdüstan bölgəsinin ən böyük müxalifət partiyasıdır. Bunlar birmənalı şəkildə Kürdüstan Demokratik Partiyasının sədri və muxtariyyətin başçısı olan Məsud Bərzaninin vəzifə müddətinin daha iki il uzadılmasına qarşı çıxırlar. Üstəlik, bölgədə müəyyən güc sahibi olan islamçılar da məhz “Gorran”ı müdafiə edərək Bərzaninin vəzifə müddətini iki il uzatmasına etiraz edirlər.


- Onları Bərzanidən uzaqlaşdıran, incik salan nədir?


- Artıq dörd aydır ki, Kürdüstandakı büdcə təşkilatlarının işçiləri maaş almırlar. Qlobal maliyyə böhranı, neftin qiymətinin dünyada və İraqda kəskin enməsindən təsirlənən ölkədaxili maliyyə çatışmazlığı maaşların verilməsini yubandırmaqla rəsmi Bağdadla Ərbil arasında münasibətlərə ciddi təsir göstərir.


- Əgər maliyyə böhranı bu qədər dərindirsə, o zaman İraqın digər yerlərində də maaşlar verilməməlidir. Niyə məhz problem Kürdüstanda yaşanır?


- Əslində, Bağdadın vəsait ayırmamasına dair ittihamları Ərbil səsləndirir. Rəsmi Bağdad isə deyir ki, bütün çətinliklərə baxmayaraq, onlar hər ay adəti üzrə Kürdüstana vəsait göndərirlər. Göründüyü kimi, şübhələr ortaya çıxmaqdadır.


- Münaqişə necə başladı Kürdüstanda?


- Dünən Kürdüstanın şərqində - Süleymaniyyədə maaşlarını ala bilməyən müəllimlər və digər büdcə qurumlarının işçiləri haqlarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirib. Hətta vəziyyət o yerə çatıb ki, aksiya iştirakçıları Bərzaninin partiyasının (KDP – V.T.), eləcə də digər hakimiyyətyönümlü təşkilatların ofislərinə hücum edərək talayıb, dağıdıblar.


- Toqquşmalarda xəsarət alanlar varmı?


- Əlbəttə, rəsmi məlumata görə Kaladzre bölgəsində bir neçə nəfər həlak olub. Özü də tək Süleymaniyyədə deyil, Kələpcə və sair kimi ətraf şəhərlərdə də aksiyalar keçirilib, Bərzaninin ofisləri yandırılıb.


- Bəs yerli hökumət heç nə demir? Aksiyaların qarşısı alınmır?


- Bərzani bəyan edib ki, baş verən bütün hadisələrin və həlak olan insanların məsuliyyəti birbaşa “Goran”ın üzərinə düşür. Çünki bu qrup problemləri şişirdib indiki həddə çatdırmasaydı, dağıntı və ölüm-itim də olmazdı.


- Tərəflər arasında siyasi dialoq qurulmurmu, tələblər, istəklər səsləndirilmir?


- Niyə də yox. Dünən bölgə parlamentinin spikeri hökumət rəhbərliyi ilə görüşüb danışmaq istədi. Amma hökumətə nəzarət edən Bərzəninin təhlükəsizlik qüvvələri onları geri qaytardı. Bu səbəbdən də nümayəndə heyəti Süleymaniyyəyə qayıdaraq mətbuat konfransı keçirdi. Bildirildi ki, qarşı tərəf çevriliş edib, bu isə qanunlara ziddir. Yeri gəlmişkən, parlamentdə mövcud olan 5 türkmən partiyasının nümayəndəsindən yalnız bizim – Türkmən Cəbhəsinin deputatı Aydın Maruf müxalifətin tələblərinə qoşulur, qalan dörd millət vəkili isə Bərzanini dəstəkləyir.


- Maraqlıdır, Cəlal Tələbaninin bu toqquşmalara münasibəti necədir?


- “Goran” vaxtilə Tələbaninin partiyasından ayrılıb, amma indiki məqamda eyni mövqedədirlər. Tələbani bir neçə il öncə Bərzaninin partiyası ilə arasında yaşanan qarşıdurma səbəbindən hazırda bitərəf mövqe sərgiləsə də, əslində ona çox yaxın olan siyasi qruplardan biri bəyanat verərək Nəçirvan Bərzaninin Kürdüstan hökumatinin başçısı olmadığını bəyanlayıb.


- Bütün bunlar gələcəkdə Kürdüstan muxtariyyətinin iki yerə bölünməsinə işarə edirmi?


- Bilirsiniz, başda Tələbani olmaqla Süleymaniyyə qütbünə İrandan böyük dəstək var. Hətta bu gün bölgədə qalmaqallara səbəb olan “Gorran” qrupu da İran tərəfindən himayə olunur. Onu da bildirim ki, müharibədən əvvəl də Kürdüstanda iki idarəedici mərkəz vardı: biri Ərbildə, digəri Süleymaniyyədə. Bu gün məhz həmin siyasi vəziyyət təkrarlanır. Onsuz da Süleymaniyyədəki hökumət idarəsində, məsələn, Peşmərgə, maliyyə nazirlikləri fərqli şəxslər tərəfindən və fərqli üsulla idarə edilir. Yəni günümüzdə Kürdüstan hökuməti varsa da, əslində bəzi hallarda parçalanmış şəkildə idarə olunur.


- İndiki vəziyyətdə yerli türkmən xalqının münasibəti necədir?


- Bayaq dediyim kimi, təmsilçiləri olan millət vəkillərinin timsalında türkmənlərin doxsan faizi Məsud Bərzanini dəstəkləyir. Qalan az hissə isə, dediyim kimi, İTC ona qarşıdır. Sonra da ki, Kürdüstanda türkmənlər azsaylı toplumdur, onsuz da səsələri nəyəsə təsir göstərəcək səviyyədə deyil.


- Amma bizim üçün maraqlıdır bilmək: siz türkmənlərə milli maraqlar baxımından Tələbani sərfəlidir, yoxsa Bərzani?


- Süleymaniyyədə çox az sayda türkmən yaşayır ki, onlar da təhlükəsizlik baxımından tam təmin edilməyiblər. Məsələn, ötən aylarda türkmənlərin oradakı ofislərinə hücumlar edilmişdi. Bərzaniyə münasibətə gəlincə, türkmənlərin böyük hissəsi məhz Bərzaninin hakim olduğu Ərbil və ətraf bölgələrdə məskunlaşıb. Mən Bərzani türkmənlərə yaxşı nəsə edib demirəm, çünki vəd edir, amma yerinə yetirmir. Yəni türkmənlərə münasibətdə siyasəti kağız üzərindədir. Buna “yuxuya vermə siyasəti” də deyə bilərik.


- Bəs Kərkükün siyasi statusu məsələsində Bərzani ilə Tələbaninin baxışları arasında hansı fərqlər var?


- Kərkükdə əslində Tələbani daha təsirli nüfuz sahibidir. Hətta eşitdiyimə görə ötən günlərdə Bərzaninin Kərkük ofisinə hücum təşkil edilib, amma qarşısı alınıb.


- Əgər Kürdüstan parçalansa bunun Türkiyəyə və ümumiyyətlə türklərə faydası və ya ziyanı ola bilərmi?


- Düşünmürəm, məncə heç bir halda təsiri olmayacaq.


- Bəs bu qalmaqallar sonunda Tələbani ilə Bərzani arasında yenidən sülhün yarana bilməsi ehtimalı varmı?


- Vəziyyət elə gərgindir ki, məncə bunun düzəlməsi ehtimalı sıfırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.