Minada baş verən hadisə ilə bağlı bəzi sənədləri mətbuata açıqlamaq olmaz
14-10-2015, 13:08
Səudiyyə Ərəbistanda - Minada baş verən faciəli hadisə ilə bağlı bəzi sənədləri mətbuata açıqlamaq olmaz. Bunu İranın milli təhlükəsizlik naziri Mahmud Ələvi jurnalistlərə açıqlamasında deyib. Trend-in məlumatına görə, bu barədə İranın "Mehr" agentliyi məlumat verir.
M.Ələvi deyib ki, bu hadisə ilə bağlı bəzi sənədlər şahidlərin ifadələrinə görə, toplanılıb və hazırda araşdırılır. M.Ələvi əlavə məlumat verməyib.
Qeyd edək ki, rəsmi statistikaya görə, Məkkədə - Mina dağında sentyabrın 24-də baş verən izdihamda 1480-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə xəsarət alıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı isə 465 nəfərdir.
İran hökuməti ölkənin Milli Təhlükəsizlik Nazirliyinə Minada (Məkkə) baş verən hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair sənədləri toplamağı və araşdırmağı tapşırıb.
İran hökuməti, həmçinin hadisə qurbanlarının ailələri adından beynəlxalq məhkəmələrə Səudiyyə Ərəbistanı əleyhinə şikayət edəcəyini bildirib.