Rusiyada Portuqaliya böyüklükdə ərazi yanır – Dünyaya meydan oxuyan aciz qalıb

3-08-2019, 23:22           
Rusiyada Portuqaliya böyüklükdə ərazi yanır – Dünyaya meydan oxuyan aciz qalıb
Rusiyanın Hesablama Palatası dolayısıyla hökumətin yarıtmaz fəaliyyətini etiraf edən hesabat yayımlayıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, qurum öz hesabatında ölkədəki meşə yanğınlarının təhlükəli həddə çatmasında müvafiq icra orqanlarını günahlandırıb və hökumətin aciz qaldığına işarə vurub.
Palatanın hesablamalarına görə, təkcə bu ilin birinci yarısında meşə yanğınlarından ölkəyə dəyən ziyan 2.4 milyard rubla yaxındır. Hesabatda göstərilir ki, ümumilikdə ölkənin meşə yanğınları ilə bacarmamasının səbəbi maliyyələşmənin, eləcə də lazımi texnika və avadanlıqların olmamasıdır.
Qeyd edilir ki, hal-hazırda Sibirdə və Uzaq Şərqdə 3 milyon hektardan çox ərazi yanır. Bu, təxminən Portuqaliya böyüklükdə bir ərazi deməkdir. Həmçinin, yanğının əhatə etdiyi ərazi ötən illə müqayisədə 12 faiz çoxdur. Artıq Krasnoyarsk vilayəti də daxil olmaqla, 5 regionda fövqəladə vəziyyət rejimi elan olunub. 618 yaşayış məntəqəsində əhali sözün əsl mənasında tüstüdən boğulur.
Hesabatda bildirilir ki, fəlakətin belə geniş vüsət almasının səbəbi yanğın ocaqlarının vaxtında söndürülməməsidir. Qeyd olunur ki, təhlükəsizlik tədbirlərinin vaxtında görülməməsi, eləcə də müvafiq texnikanın lazımi miqdarda və gücdə olmaması yanğınların bu səviyyəyə çatmasının başlıca səbəbidir.
Nəticələrlə mübarizə aparmaqda aciz qalan hökumətin başçısı Dmitri Medvedyev isə meşələrin qəsdən yandırılması versiyasının araşdırılmasını tapşırıb. Həmçinin, Krasnoyarskda yanğınlarla bağlı “səhlənkarlıq” maddəsilə cinayət işi açılıb.
Bir çox tanınmış rusiyalı mədəniyyət, incəsənət xadimləri, eləcə də müxalif siyasətçilər hökuməti tənqid edən açıqlamalarla çıxış ediblər.
Buna baxmayaraq, özünün əlindən heç nə gəlməyən Rusiya rəhbərliyi xarici ölkələrin yardım təklifinə də müsbət cavab vermir. Əvvəlcə ABŞ öz yardımını təklif etsə də, Rusiya tərəfi buna müsbət cavab verməmişdi. İndi isə İtaliya Rusiya hökumətinə yardım etməyə hazır olduğunu, öz mütəxəssislərini və texnikasını göndərmək istədiyini bəyan edib. Lakin bu təklifə də hələ ki heç bir cavab verilməyib.
Eyni zamanda, dünya ekoloqları yaranmış situasiya ilə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, bu yanğınlar planetin onsuz da bərbad olan ekoloji durumunu bir az da pisləşdirir. Belə ki, yanğınlar qlobal istiləşmənin daha da sürətlənməsinə xidmət edir. Çünki meşələrin yanması nəticəsində şimaldakı buzlaqlar qara küllə örtülməyə başlayır. Bu isə buzlaqların günəş şüasını normal qəbul etməsinə imkan vermir. Nəticədə hətta daimi buzlaqlar belə ərimə təhlükəsilə üz-üzə qalırlar ki, bu da ümumilikdə planet üçün faciəli nəticələrə səbəb ola bilər.
Ancaq görünən odur ki, Rusiya rəhbərliyi hələ ki, bütün bunlara ciddi şəkildə məhəl qoymur və dünya miqyasında adət etdiyi mənfi, ziyanverici rolunu oynamaqda davam edir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.