Sultan Qabusun varisi kim olacaq?
29-12-2019, 00:28
Oman mediası xərçəng xəstəliyindən səhhəti günbəgün pisləşən ölkə rəhbərinin dörd mümkün varisinin olduğu barədə məlumat yayıb.
Reyting.az “Omani Magazine”-ə istinadla xəbər verir ki, Sultan Qabusun mümkün varisi ilə əlaqədar hazırda Oman kral məhkəməsində proses gedir.
Ölkəni idarə edən Ali-Səid sülaləsinin hakimiyyətini 4 şəxsdən birinin davam etdirə biləcəyi gözlənilir.
Onlardan ilki Sultan Qabusun əmisi oğlu, 65 yaşlı Əsəd bin Tariq Baş nazirin beynəlxalq münasibətlər və əməkdaşlıq məsələləri üzrə müavini vəzifəsini tutur və 6 ildir Sultan Qabusun şəxsi nümayəndəsi, mühafizə xidmətinin komandanıdır və ərəb qəbilələri ilə sıx əlaqəsi var.
İkinci namizəd – Heysəm bin Tariq (65 yaş) Əsəd bin Tariqin qardaşı, mədəniyyət naziridir. O, Sultan Qabusun xüsusi elçisidir və əvvəllər XİN-də çalışıb.
63 yaşlı Şahab bin Tariq Hərbi Dəniz Qüvvələrinin komandanı olub və Sultan Qabusun şəxsi məsləhətçisidir.
38 yaşlı Teymur bin Əsəd bin Tariq - ən gənc namizəd Sultan Qabusun əmisi nəvəsidir.
“The Guardian” nəşri bu yaxınlarda Sultan Qabus bin Səidin varisi ilə bağlı geniş müzakirələrə işıq salıb. Əgər məhkəmədə razılığa gəlinməzsə, sultanın varisini müəyyənləşdirmək üçün paytaxt Məsqətdəki məhkəmədə möhürlü məktubların açılması həyata keçiriləcək.
5 ildir əziyyət çəkdiyi qalın bağırsaq xərçənginin yenidən şiddətlənməməsi üçün müalicəyə getmiş sultan bu yaxınlarda Belçikadan qayıdıb. Halbuki onun yanvarın sonuna qədər Avropada qalacağı gözlənilirdi.
Qabusun övladı yoxdur və açıq şəkildə varis təyin etməyib, ancaq gizli olaraq seçimini kral ailə məclisinə ünvanlanan möhürlənmiş zərfdə qeyd edib.
Ali-Səid sülaləsi 18-ci əsrin ortalarından etibarən Omanı idarə edir.
Sultanlığın Əsas Qanununun 6-cı maddəsində deyilir ki, taxt-tacın sahibsiz qalmasından sonra kral ailəsi yeni sultanı seçməlidir. Ailə üzvləri razılığa gələ bilməsələr, dövlətin Müdafiə Şurası, Ali Məhkəmənin başçısı və Məşvərət Şurasının iki palatasının rəhbərləri birlikdə Qabusun seçimini əks etdirən ilk zərfi açacaq və onun təyin etdiyi şəxsi taxt-taca çıxaracaqlar.
Seçilən varisin adının gizli saxlanmasında məqsəd sultanın həyatı boyunca nüfuzunu təmin etməkdir.
Deyilənə görə, iki möhürlənmiş zərf var, ikincisi cənubdakı liman şəhəri Səlalədəki başqa bir kral sarayında saxlanılır.
Sultanın vəziyyətinin daha da pisləşməsi və Məclis daxilində həll edilməmiş mübahisələr ucbatından ikinci məktubun da açılma üçün paytaxt Məsqətə göndərilməsi bildirilir.
Həmin məktubda da eyni adın olacağı və yalnız ilk zərfin tapılmadığı və ya ilk adın identifikasiyasına ehtiyac olduqda, üzə çıxarılacağı güman olunur.