İndoneziyanın yeni paytaxtının layihələndirilməsi üçün üç ölkə köməyini təklif edib
4-01-2020, 09:21

ABŞ, Çin və Yaponiya İndoneziyanın yeni paytaxtının layihələndirilməsi işlərinin yekunlaşdırılması ilə bağlı öz köməyini təklif edib.
AZƏRTAC Antara agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın İctimai İşlər və Mülki Tikinti naziri Basuki Hadimuljano məlumat verib. Nazir bəyan edib ki, yeni paytaxtın son layihələndirilməsi üçün müsabiqədə qalib gəlmiş dizayn əsas götürüləcək.
Məsələnin müzakirəsi ilə bağlı Dəniz və İnvestisiya Məsələləri üzrə əlaqələndirici nazir Luhut Binsar Pancaytan ilə görüşən B.Hadimuljano bildirib ki, Şərqi Kalimantanda salınacaq yeni paytaxtın dizaynı zamanı İndoneziyanın milli elementlərini özündə əks etdirən qalib layihədən baza kimi istifadə ediləcək.
Görüşdə layihənin yekunlaşdırılması ilə əlaqədar xarici məsləhətçilərin cəlb edilməsi barədə də müzakirələrin aparıldığı bildirilir.
Xatırladaq ki, İndoneziya İctimai İşlər və Mülki Tikinti Nazirliyi Şərqi Kalimantanda tikilməsi nəzərdə tutulan yeni paytaxt üçün “Naqara Rimba Nusa” layihəsini qalib elan edib. Müsabiqədə 755 iştirakçının 2 milyard rupi uğrunda mübarizə apardığı qeyd olunur.
Nazirlik, eyni zamanda, daha dörd layihəni – “Sonsuz şəhər”, “Min cırtdan”, “Ekvatorun zümrüdü” və “Arxipelaq insanlarının kəndi” layihələrini mükafatçı kimi elan edib.
Bildirilir ki, “Naqara Rimba Nusa” layihəsinin qalib elan olunmasına baxmayaraq, İndoneziya hökuməti yeni paytaxtın tikintisi zamanı müsabiqənin daha üç iştirakçısı və beynəlxalq səviyyəli əcnəbi mütəxəssislərlə əməkdaşlıq edəcək.