ABŞ-ın “ÇİN SƏDDİ”ni DAĞIDAN SİLAHI… –Koronavirus Çin iqtisadiyyatını çökdürür; 3 trilyon dollarlıq itki gözlənilir - ARAŞDIRMA

4-02-2020, 11:22           
ABŞ-ın “ÇİN SƏDDİ”ni DAĞIDAN SİLAHI… –Koronavirus Çin iqtisadiyyatını çökdürür; 3 trilyon dollarlıq itki gözlənilir - ARAŞDIRMA
Ərgün Dilər

“Takvim”, Türkiyə, 01 fevral 2020-ci il

Həmişə yazdım: “İçində olduğumuz dövr III Dünya Müharibəsidir”. Amma bəziləri anlamaqda çətinlik çəkir. Çünki müharibə sözünü eşidən kimi, ordular, generallar, toplar, tanklar, tüfənglər gözləyirlər. Bunlar tarixdə oldu. Amma dünya artıq köhnə dünya deyil.

Bir cib telefonu ilə həyatımızın necə dəyişdiyini unutmayaq. 10-15 il öncə biri bizə “dünyanın o biri ucundakı yaxınlarınızla görüntülü danışacaqsınız” desəydi, gülərdik. Təklif edənə də “dəli” deyərdik.

Həyat dəyişincə, müharibə anlayışı da, idarəçiliyi də dəyişdi. Buna qarşı durmaq mümkün deyildi. İstəyirsiniz, daxildən baxın, Oslo danışıqlarının mətbuata sızmasını, MİT əməkdaşlarının həbsinin istənməsini, 17-25 Dekabr əməliyyatlarını, Gəzi parkı hadisələrini, 15 İyulu dəyərləndirin. İstəyirsiniz, xaricdən nəzər salın, “Brexit”i, “Boeing” faciələrini, Le Mezuryenin öldürülməsini, Süleymaniyə qarşı sui-qəsdi, Səudiyyədəki saraydaxili çevrilişi, ARAMCO-nun PUA ilə vurulmasını analiz edin. Məsələ çoxdur. İstədiyiniz yerdən başlaya bilərsiniz. Amma mən “təpədən baxaq” deyirəm.

Uzun illər ərzində ikiqütblü dünyada yaşadıq. Bu, ABŞ-ın Avropa, Asiya və Afrikada yeganə güc olması üçün diqqətlə hazırlanmış bir plan idi. Amma daxildə bunu anlayan çox az idi. Gənclərimizi itirirdik, düşmənçilik zirvəyə yüksəlmişdi. Nəticədə itirən Türkiyə olurdu.

Güc balansı haqqında azacıq bilgisi olan biri belə, SSRİ-nin heç bir məsələdə ABŞ-la qarşı-qarşıya gəlməyəcəyini anlayardı. Biz də yanıldıq, dünya da. Ancaq oyunun ssenarisi gözəl yazılmışdı. Hər ölkə, hər lider öz rolunu oynayırdı.

ABŞ-ın 3 qitədəki gücü istənilən səviyyəyə gəlincə, planın ikinci mərhələsinə keçildi. Bir səhər oyanıb gördük ki, SSRİ çatlayır, dağılır. Qarbaçov gəldi, bu işi gördü və kənara çəkildi. SSRİ dağıdıldı. Superdövlət olan ABŞ-ın qarşısına da Rusiya çıxarıldı. Keçirdiyi 100 matçın 100-ünü də udan ağır çəkili boks çempionunun qarşısında artıq 100 matçın 80-ni uduzan yüngül çəkili Rusiya vardı. Təbii, ABŞ məhdud gücü olan Rusiyanı geridə qoydu. Dağılan SSRİ-dən çıxan Litva, Estoniya, Latviya, Moldova, Belarus, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda ABŞ bayraqları görməyə başladıq.

Xüsusilə Orta Asiyada Türkiyənin gücündən istifadə edən ABŞ bu gün ölkəsində qoruduğu, terrorda ittiham edilən Fətullah Gülənin məktəblərilə bu ölkələri ələ keçirdi. Xatırlayırsınızsa, FETO daima Orta Asiyanı hədəf seçərdi. Bütün məktəblər indiki “İpək yolu”nun üzərində idi. Məncə, biz yenə yatırdıq.

MKİ ssenariləşdirir, FETO və heyəti də Orta Asiyanı Türkiyə və islam vasitəsilə Vaşinqtona bağlayırdı. Bu ölkələrdəki liderlər hər bir qərarı vermədən öncə Vaşinqtona zəng edirdilər. Plan böyük uğur gətirirdi. Biz bilməsək də, FETO-nun yeni hədəfi Çin olmuşdu. 15 İyul çevriliş cəhdinə qədər FETO Çində çox güclü idi. Siyasi Büroda belə, 4 FETO üzvü var idi. Ancaq 15 İyul Çini oyatdı. 3 Siyasi Büro üzvü artıq həyatda deyildi… 24 adamlıq heyətdə, əlbəttə, 3 üzvün olması çox önəmli idi. ABŞ-ın ticarət sahəsində Çinə girməsini təmin edən çinlilər FETO-nun daxilində idilər. Eyni zolaqda hərəkət edirdilər. Ssenari rahat işləyirdi. Hədəf bəlli idi. Hər kəs öz üzərinə düşəni edirdi.

Bu 3 Siyasi Büro üzvünün yüksəlməsini təmin edən şəxs də, əslində, tanış bir adam – qısa müddət öncə həbs edilən İnterpolun çinli rəhbəri Men Hunvey idi.

Men Hunvey, FETO-nun Çində güclənməsini təmin edirdi. Gizli tapşırığı bu idi. 2004-cü ildə Çin kəşfiyyatı hesabat verdikdən sonra Men Hunvey izlənilməyə başlandı. Həbs edilənədək Çində çox önəmli işlərə imza atdı. Men Hunveyin həbsdə çox qalmamasının səbəbi Gülənlə əlaqədə olan Siyasi Büro üzvlərini ifşa etməsi idi.

Sonra önü açıldı. Ancaq ABŞ hələ də Men Hunveydən ümidini kəsməmişdi. İnterpolun rəhbərliyinə gətirilməsi də təsadüfi deyildi. Ancaq nəticədə Men Hunvey yenə həbsə girdi və Çində etiraf edəcəyi bir məsələ də qalmamışdı. Vaşinqton Pekini itirirdi. Dəfələrlə yazdığım da bu idi.

Savaş iki böyük güc arasında gedirdi. ABŞ dünyada özünə belə bir ciddi rəqibin olmasını istəmirdi. “İpək yolu” ilə başlayan proses SSRİ-dən çox böyük olan bir supergücün yaranması qayğısına səbəb olurdu. ABŞ-da hər kəs qapalı qapılar arxasında bu məsələ ilə məşğul idi.

Dəfələrlə həmlə edildi. Çinin ABŞ-ın nəzarətində böyüməsi üçün hər addım atıldı. Çin ABŞ-la birbaşa qarşı-qarşıya gəlmirdi, lakin öz xəttini genişləndirirdi. Məncə, sıxıntıya səbəb olan da bu idi. Dünyaya çılpaq gözlə baxdıqda belə, hər yerdə Çini görmək heç də çətin deyildi. Çin böyüyürdü. ABŞ şirkətləri də Çinin böyüməsinə yardımçı olurdu. ABŞ üçün problemin ilk halqası da bu idi.

“Apple”, “Google”, “Amazon”, “KFC”, “Taco Bell”, “GM”, “Nike”, “Fed Ex”, “UPS”, “Starbucks”, “Burger King”, “McDonald’s” kimi, 100-dən çox ABŞ şirkəti Çini böyüdürdü. Ancaq Çin ABŞ sayəsində böyüdüyünü unudurdu. Çin, Səudiyyə Ərəbistanında ARAMCO-ya ortaqlıq təklif edir, Rusiya və İranla yaxın təmasını davam etdirir, Avropada, ələlxüsus Afrikada çox güclənirdi.

ABŞ Prezidenti Donald Trampın hərəkətə keçməsilə Çinin böyüməsinin əngəllənəcəyi anlaşıldı. Tramp bunu istəyərək etməsə də, “dərin Amerika” böyük təzyiq edirdi. Doğrusu, etməsəydi, orada otura bilməzdi.

ABŞ, Çinlə ticarətdə gömrük rüsumlarını artırır, öz şirkətlərinə “Ölkənizə dönün!” çağırışı edirdi. ABŞ, az da olsa, öz istədiyini alırdı. Ancaq Çin yenə də geri addım atmır, İngiltərə ilə ortaqlığını gücləndirərək, “İpək yolu”nu genişləndirirdi.

Sonra Çinin Aralıq dənizi xəyalı ortaya çıxdı. İngiltərə ilə birlikdə Aralıq dənizində olmaq istəyən Çin Vaşinqtonun “qırmızı xətt”ini keçmişdi. Vaşinqtonu bir az təqib edən biri belə, bunu anlamaqda çətinlik çəkməzdi. Çində yaşayan güclü şəxslərlə ABŞ-ın dərinliklərinə enə bilən bəzi adamlar Vaşinqtondan böyük bir həmlə gözləyirdi.

Gözlənilən həmlənin gəlib-gəlmədiyi məlum deyil, ancaq koronavirus Çini bitirir. Çin iqtisadiyyatının 60%-ini təşkil edən xidmət sektorunun çox böyük bölümü bitmək üzrədir. Bəzilərinə görə, 1 trilyon, “Wall Street”-ə görəsə, 3 trilyon dollarlıq itkinin olacağı proqnozlaşdırılır. 3 trilyon dollarlıq itkinin hamısı Çinə aid olmasa da, ABŞ şirkətləri yeni marşurutlarını cızmağa başladılar. Bir-bir ölkədən çıxma qərarı aldılar. “Starbucks” Çindəki 4 300 kafesindən 2 minini qapatdı. Bir neçə həftə içində hamısını qapada bilər. “Apple” kimi şirkətlər də Çindən çıxmaq haqqında qərar aldılar, sadəcə rəsmi açıqlama vermədilər.

Koronavirus dünyanın ən təhlükəli silahıdırmı? Bilmirik, amma görünüşə görə, elədir. Çində dövləti idarə edənlər və ya pərdə arxasında olanlar belə, çökməni görürlər. Çin çox böyük sıxıntı içindədir. Fəlakət gəlirmi? İndidən bilə bilmərik, ancaq hazırda virusun öhdəsindən gəlinəcəyilə bağlı bir ehtimal yoxdur.

Həyat, təbii, iqtisadiyyat da durdu. Neftin qiyməti 20 dollara yaxın düşdü. Çünki istehsal yoxdur.

Çin nə “İpək yolu”nu təslim etdi, nə də ortaqlıq istədi. Gedən mübarizə bunun nəticəsidir. Koronavirus, bəlkə də, bir neçə həftə sonra unudula bilər, lakin Çində təsiri əsla unudulmaz. Dünyada da…

Gözlə görünməyən bir virusla böyük bir dövlətin batırılması masa üzərindədir. Alın, bu da sizə müharibə…

Dəfələrlə yazdım ki, 2020-ci il başqa illərə bənzəməyəcək. Bənzəyirmi?

Qeyd: Papa, yanvar ayının ilk günü Müqəddəs Pyotr meydanında bir qadının əlini sərt şəkildə çəkməsinə reaksiya verdi. O səhnə dünyada gündəlik mövzusu oldu. Yaxşı, bəs o qadın haralı idi? Hesab edilir ki, o da Vuhandandır (koronavirusun yayıldığı şəhərdən – tərc.).

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.