Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) bazar ertəsi reallaşdırdığı növbəti raket sınağı ilə əlaqədar KXDR rəhbərliyinə etiraz edib.
“Report”un məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.
Qeyd edilir ki, etiraz diplomatik kanallarla, Çindəki səfirlik vasitəsilə bildirilib.
Bundan əvvəl Yaponiyanın müdafiə naziri Taro Kono KXDR-in iki yaxın mənzilli ballistik raket atmasına əminliyini ifadə edib.
Bazar ertəsi Cənubi Koreyanın Baş qərargah Rəhbərləri Komitəsi Vonsan şəhərindən dənizə uçuş məsafəsi 240 km-ə, yüksəkliyi 35 km-ə çatan iki mərminin atıldığını elan edib. Bu, 2020-ci ilin əvvəlindən ilk raket sınağıdır.
Koreyanın Mərkəzi Teleqraf Agentliyi öz növbəsində KXDR Dövlət Şurasının sədri Kim Çen Inın martın 2-də uzaq mənzilli artilleriya təlimləri keçirdiyini açıqlayıb. Agentliyin məlumatına görə, KXDR lideri təlimləri müşahidə postundan şəxsən idarə edib və "bölmələrə atəş açmağı əmr edib".