Fransanın Le Monde nəşri: "Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır"

1-11-2020, 19:31           
Fransanın Le Monde nəşri: "Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır"
Yerevan Azərbaycanın Bərdə rayonuna raket zərbələrinin endirilməsilə bağlı ittihamları rədd edir, üstəlik, Azərbaycan Silahlı Qüvvələrini yaşayış məntəqələrini bombalamaqda günahlandırır.

Bu, separatçı Dağlıq Qarabağ bölgəsində artıq bir aydır davam edən hərbi əməliyyatlar zamanı qeydə alınmış ən ağır mülki insan tələfatıdır. Azərbaycan oktyabrın 28-də Ermənistanı Dağlıq Qarabağa yaxın yerləşən Bərdə rayonuna raket zərbələri endirməkdə ittiham edib. Hücum nəticəsində 21 mülki şəxsin həlak olduğu, çox sayda insanın yaralandığı deyilir.

“Frans-Press” agentliyinin Bərdədə olan müxbiri xəbər verir ki, raket zərbələri nəticəsində mağazalar, binalar yerlə-yeksan olub, sakinlər küçələrə axışıb. Yaxınlıqda yanıb külə dönmüş bir neçə avtomobil və qan izləri də görünür.

Yerevan isə ittihamları qəbul etmir. Əksinə, o, Azərbaycan Silahlı Qüvvələrini yaşayış məntəqələrini bombalamaqda günahlandırır.

Qeyd edək ki, qeyd olunan hücumlar və qarşılıqlı ittihamlar tərəflər arasında ABŞ-ın təşəbbüsü ilə atəşkəs razılaşmasının imzalanmasından cəmi iki gün sonra baş verib. Bazar günü əldə edilmiş razılaşma elə dərhal da pozulub.

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan silahlı qüvvələri mülki əhali arasında itkinin daha çox olması üçün Bərdəni “Smerç” raketindən atəşə tutub. Hacıyev bildirib ki, bu zaman kasetli bombalardan istifadə olunub.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, hücum zamanı ticarət obyektləri və yaşayış məntəqələri hədəfə alıb. Nəticədə 21 mülki şəxs həlak olub, azı 70 nəfər yaralanıb.

Bakı Ermənistanı çərşənbə axşamı da Bərdəyə raket hücumunda ittiham etmişdi. Həmin güm biri 2 yaşlı qızcığaz olmaqla, 4 nəfər dünyasını dəyişmişdi. Prokurorluğun məlumatına görə, hücum nəticəsində yaralanmış 1 nəfər aldığı xəsarətlərdən çərşənbə günü həyatını itirib.

Bu, oktyabrın 17-dən bu yana Azərbaycanın üzləşdiyi ən böyük mülki insan tələfatıdır. Həmin gün ölkənin ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi nəticəsində 13 nəfər dünyasını dəyişib.

Prezident İlham Əliyev bu hücumların intiqamını döyüş meydanında alacaqlarına söz verib. O, özünün “Twitter” səhifəsində erməni silahlı qüvvələrinin işğalı altında olan daha 13 kəndin azad edildiyini də yazıb.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan isə Bakını “yalan”, “əsassız” danışmaqda günahlandırır. Onun sözlərinə görə, əksinə, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda yerləşən Xocavənd və Şuşa şəhərlərini atəşə tutub və nəticədə 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Tərəflər Qafqazın dağlıq bölgəsi olan Qarabağda müxtəlif istiqamətlərində döyüşlərin davam etdiyini bildirir. Hər iki tərəf vəziyyətin nəzarətdə olduğunu deyir.

Bakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib

Dağlıq Qarabağda sentyabrın 27-də bərpa olunmuş döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri 1990-cı illərdəki savaş zamanı itirdiyi torpaqların bir hissəsini geri qaytarıb. O vaxt müharibə 30 min insanın ölümünə səbəb olmuş, Bakının əsasən ermənilərin yaşadığı bölgəni itirməsilə nəticələnmişdi.

Yerevan tərəfindən dəstəklənən Dağlıq Qarabağ separatçıları məhz həmin illərdə özlərini müstəqil elan ediblər. Lakin onların müstəqilliyini Ermənistanın özü də daixil olmaqla, heç bir dövlət və beynəlxalq qurum tanımayıb.

Ermənistan bazar ertəsi Dağlıq Qarabağın cənubunda yerləşən və strateji əhəmiyyətə malik Qubadlı şəhərinə nəzarəti itirdiyini etiraf edib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanla separatçı bölgəni bir-birinə bağlayan həyati əhəmiyyətli yola yaxınlaşmaqdadır.

İlkin məlumatlara görə, hərbi əməliyyatların bərpasından bəri təxminən 1120 nəfər, o cümlədən 100-ə yaxın mülki şəxs həlak olub. Ənənəvi olaraq bölgədə hakim rolu oynayan Rusiyanın başçısı Vladimir Putin toqquşmalar nəticəsində 5 minə yaxın insanın öldüyünü bildirib.

Görünən odur ki, beynəlxalq ictimaiyyət tərəflər arasında atəşkəsə nail olmaq, münaqişəni sülh yolu ilə çözmək iqtidarında deyil. Hər halda, tərəflər arasında ardıcıl olaraq Moskva, Paris və Vaşinqtonda razılaşdırılmış üç atəşkəsin hər biri qüvvəyə mindikdən dərhal sonra pozulub. Tərəflər buna görə məsuliyyəti bir-birinin üzərinə atır.

Bu arada, Bakı Ermənistana qarşı tədbirlərin görülməsi, onun yaşayış məntəqələrinə raket hücumlarına son qoyması üçün çərşənbə günü Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Bu tələb qurumun Nizamnaməsinin 39-cu maddəsinə əsasən irəli sürülüb. Bu maddə məhkəmə orqanına bu cür risklər olan zaman təcili tədbirlər görmək səlahiyyəti verir.

Mənbə: Le Monde

Fransız dilindən tərcümə – WorldMedia












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.