ABŞ səfirliklərində müəmmalı xəstəliklə bağlı hesabat açıqlanıb

7-12-2020, 08:49           
ABŞ səfirliklərində müəmmalı xəstəliklə bağlı hesabat açıqlanıb
ABŞ hökumətinin hesabatında dünya ölkələrindəki Amerika səfirliklərinin binalarında Amerika diplomatları və onların ailələrinin təsirinə məruz qaldığı müəmmalı xəstəliyə "yönləndirilmiş, impulslu radio tezlik enerjisi"nin səbəb olduğu bildirilir.

Milli Elmlər Akademiyası tərəfindən hazırlanan hesabatda səfirlik işçiləri arasında şikayətlərin əsas səbəbi olaraq impulslu radio tezliyi göstərilib. Hesabat şənbə günü açıqlanıb.

İlk dəfə olaraq müəmmalı xəstəlik barədə xəbərlər 2016-cı ildə ABŞ-ın Kubadakı səfirliyindən verilmişdi. "Havana Sindromu" adı verilən xəstəliklə bağlı sonradan Amerikanın başqa ölkələrdəki, xüsusən də Çindəki səfirlik işçilərindən şikayətlər gəlmişdi.

Hesabatı hazırlayan komitənin bildirdiyinə görə, xəstəlik qulaq ağrısı, şiddətli baş ağrısı, yüksək səs eşitmə, başgicəllənmə, görmə və yaddaş problemləri kimi müxtəlif geniş simptomlara malikdir. Çoxlarında bu simptomların davam etdiyi bildirilir.

Hesabatda Dövlət Departamentinin işçilərinin təsirinə məruz qaldıqları xəstəliyin “əhəmiyyətli dərəcədə dəyişkənliyi və kliniki müxtəlifliyi psixoloji və sosial faktorlar da daxil olmaqla onun bir çox səbəbi ehtiva etməsi ehtimalını açıq qoyduğu" vurğulanır.

Dövlət Departamentinin şənbə günü açıqladığı bəyanatda deyilir: "Hesabatın dərc olunmasından məmnunuq və bu, baş verənlərlə bağlı son nəticəyə gəlməyimizə kömək edə biləcək məlumatlar və təhlillərin nəticələrini tamamlaya bilər."

Hesabatda xəstəliyə görə kimin məsuliyyət daşıdığı məsələsi araşdırılmayıb. Bu suala hələlik cavab verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.