Rusiya və Səudiyyə Ərəbistanı nədən ehtiyat edirlər: ABŞ rəsmi Riyada “tövbəsini” pozdura biləcəkmi?

5-03-2021, 17:41           
Rusiya və Səudiyyə Ərəbistanı nədən ehtiyat edirlər:
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan bəzi istehsalçı ölkələrdən təşəkkül tapan OPEC + qrupu ötən il qəbul etdiyi hasilatı azaltmaq qərarını qüvvədə saxlayıb.

Ovqat.com xəbər verir ki, OPEC+ ölkə rəsmilərinin dünən video-konfrans formatında keçirilən toplantısında bu qərara gəlinib.

Məlumata görə, yalnız Rusiya və Qazaxıstan bu qərarın əhatə dairəsindən kənarında tutulublar: Rusiya aprel ayında gündəlik istehsalını 130 min barel, Qazaxıstan isə 20 min barel artıracaq. Hər iki ölkənin bu ayrıcalığı mövsümi səbəblərlə əlaqələndirilsə də, detallara çox yer verilmir. Bizim zənnimizcə isə, onlara edilmiş güzəşt soyuq qış aylarında nəzərdə tutulmuş kvotadan xeyli aşağı neft çıxarmaları ilə bağlıdır. Belə ki, sözügedən ölkələrdə sərt soyuqlar bəzi quyuları dondurmuş, bu da hasilatı xeyli aşağı salmışdı. Dolayısıyla, Rusiya və Qazaxıstan qış aylarında üzləşdikləri itkiləri kompensasiya etmək üçün hasilatı qismən artıra biləcəklər. Digər 21 OPEC + ölkəsi isə ötən il müəyyənləşdirilən kvato çərçivəsində hasilatlarını davam etdirəcəklər.

Qeyd edək ki, dünənki virtual sammit OPEC+ ölkələrinin enerji və neft nazirlərinin indiyədək keçirdikləri 14-cü toplantı idi. Ötən ildən nəticə verməyə başlayan bu formatda əməkdaşlıq neft və qaz qiymətlərinin getdikcə sabitləşəcəyinə ümid yaradır.

Bildirilir ki, Səudiyyə Ərəbistanı ötən il OPEC+ ölkələri qarşısında boynuna götürdüyü öhdəliklərindən əlavə, gündəlik 1 milyon barel “könüllü ixtisarı”nı da eynilə davam etdirməyə qərar verib. Ötən il neft istehsalında heç bir kəsintiyə getməyən Nigeriya belə, gələn aydan hasilatı azaldacağını vəd edib. Beləliklə, OPEC + qrupunun gündəlik istehsalı mart ayında 8 milyon 50 min barel, aprel ayında isə 7 milyon 900 min barel azaltmaq öhdəliyi götürüb. Nəzərə alsaq ki koronavirusun yol açdığı neft böhranından əvvəl gündəlik neft hasilatı 95 milyon 192 min barel idi ("BP 2020 Dünya Enerji Statistikaları Hesabatı”), OPEC+-in bu qərarı ümumi hasilatda 8 - 9% ixtisara getmək anlamına gəlir. Bu qərar aprel ayının sonuna qədər dövrü əhatə edir. May ayından etibarən tətbiq ediləcək hasilat ixtisarı isə qurumun 1 aprel tarixində keçiriləcəyi gözlənilən növbəti torplantısında müəyyənləşdiriləcək.

İclasdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Səudiyyə Ərəbistanı Enerji naziri Əbdüləziz bin Salman görüşün “məhsuldar” keçdiyini, "yaxşı və sürpriz bir razılaşma əldə etdiklərini" bildirib.

“Ehtiyatlı tərpəniş”in neft bazarları üçün çox vacib olduğunu bildirən Salman Səudiyyə Ərəbistanının şəxsi nümunələrlə digər ölkələri də enerji qiymətlərinin tənzimləməsi prosesinə cəlb edəcəyini vurğulayıb: "İnsanlara ehtiyatlı olmaları üçün təzyiq göstərə bilməzsiniz. Nümunələr yaradaraq onları bu prosesə cəlb etmək. Bu səbəbdən də Səudiyyə Ərəbistanı olaraq biz öhdəliklərimizdən əlavə ixtisarlara getmək qərarına gəldik. Aprel ayı üçün könüllü olaraq neft hasilatını günlük 1 milyon barel azaltdıq”.

Qeyd edək ki, rəsmi Riyad könüllü ixtisara getmək qərarını əslində dünən yox, ötən ilin may ayının 10-da qəbul etmişdi. Bu qərardan bir ay əvvəl OPEC+ ölkələri bir araya gələrək ümumi gündəlik hasilatı 9.7 milyon barrel azaltmaq barədə öhdəlik götürmüşdülər. Toplantıda hər bir ölkə üçün bir kvota müəyyənləşdirilmiş, Səudiyyə Ərəbistanının Səudiyyə Ərəbistanının istehsal kvotası gündəlik 8.5 milyon barrelə endirimişdi. "BP 2020 Dünya Enerji Statistikaları Hesabatı”na görə, bu qərardan əvvəl Səudiyyə Ərəbistanının gündəlik hasilatı 12 milyon barel idi. Belə çıxır ki, OPEC+-un 2020-ci il aprel sammitində rəsmi Riyad öz üzərinə gündəlik hasilatda 3.5 milyon ixtisara getmək öhdəliyi götürmüşdü – hardasa 29%. Digər hasilatçılar da bu qədər olmasa belə, ciddi ixtisarlara getməyə qərar vermişdilər. Azərbaycan belə, OPEC+ üzvü olmasa da, neft hasilatını 23% azaltmışdı.

Bununla belə, bəzi neft analitikləri OPEC+-in gündəlik neft hasilatını 10 milyon barrel civarında azaltmasının yaralı barmağa məlhəm olmayacağını bildirmişdilər. Analitiklərin fikrincə, neft hasilatı ən azı daha 2 dəfə azaldılmalıdır. Əks halda, qiymətlərin yenə sıfırın altına düşəcəyini proqnozlaşdırılırdı. Bu qorxunc proqnozdan dərhal sonra Səudiyyə Ərəbistanı könüllü olaraq gündəlik hasilatını daha 1 milyon barrel azaltmaq qərarına gəlmişdi. Nəticədə 7.5 b/s hasilat həcmi ilə dünya ikinciliyini Rusiyaya buraxmışdı. Krallığın neft naziri digər ölkələrin də eyni təşəbbüsə qoşulması üçün bu addımı atdığını bəyan etsə də, onun ortaya qoyduğu nümunə effektli olmamışdı. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı bu ay da öz “nümunəvi davranış”ını davam etdirməyə qərar verib.

Zənnimizcə, bu “nümunəvi davranış”da qlobal geopolitik çəkişmələrin də payı az deyil. Bəlli olduğu kimi, Səudiyyə Ərəbistan ötən əsrin ortalarından indiyədək Rusiyanın neft və qaz strategiyasına zərbə endirmək məqsədilə ABŞ-ın əsas silahına çevrilmişdi. Məhz bu ölkənin xidmətləri nəticəsində dünya bazarında neftin qiymətləri üzərində spekulyativ oyunlar qurulur, ucuzlaşdırma siyasəti ilə Rusiya iqtisadiyyatının əsas gəlir mənbəyi rentabelsiz hala gətirilirdi. 1970-80-ci illərdə qlobal neft bazarında amansız rəqabətlər “qara qızıl”ın qiymətlərinin hədsiz ucuzlaşmasına yol açmış və SSRİ-nin tənəzzülünə start verilmişdi. Son illər Səudiyyə Ərəbistanı və Rusiya arasında “köhnə yarış” yenidən start götürmüş və pandemiyadan əvvəl neftin qiymətləri ucuzlaşmağa başlamışdı. Hər iki dövlətin bir-birinin inadına hasilatı artırması ilə böyüyən böhrana bir də koronavirus kabusunun əlavə olunması vəziyyəti daha da tündləşdirmişdi. Pandemiyanın təsirlərinin dünya iqtisadiyyatını durma nöqtəsinə gətirməsinin ən böyük zərbəsi isə neft bazarına dəymişdi. Qiymətlərin sıfırın altına düşməsi sonunda Səudiyyə Ərəbistanını geri çəkilməyə məcbur etmiş və OPEC+-in aprel sammitində hasilatın azaldılmasına qərar verilmişdi.

Görünən budur ki, Səudiyyə Ərəbistanı bu anlamsız müharibənin onu da bitirdiyi anladığından öz ənənəvi məhvərindən ayrılıb Rusiyanın qucağına düşmüşdü. Onun hasilat sahəsində ikinciliyi Rusiyaya buraxması da keçmiş günahlarından tövbə kimi qiymətləndirilə bilər.

Fikrimizcə, ABŞ-ın son zamanlar “Qaşıqçı cinayəti” ilə bağlı kəşfiyyat məlumatlarını ictimailəşdirməsi də rəsmi Riyadın Rusiya qarşısında “tövbə”sini pozmağa hesablanıb. Təsadüfi deyil ki, Amerikanın Milli Kəşfiyyat İdarəsinin hesabatında cinayətin sifarişçisi kimi Səudiyyə krallığının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın adı açıq keçir, amma nədənsə, ABŞ Xəzinədarlığı onun adını sanksiyaya məruz qalanlar sırasına salmağa tələsmir. Bəlkə də ona görə ki, “tövbəsini pozacağı” təqdirdə vəliəhdə bağışlanacağı mesajını verir, bir növ “açıq qapı” siyasəti yürüdür.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak da OPEC+-ın dünənki sammitində xeyli razı qalıb. O, sammitlə bağlı açıqlamasında “qlobal iqtisadiyyatda əsas tendensiyalarını diqqətlə izləməyə davam etdiklərini” bildirib. "Ehtiyatlı nikbinliklə deyə bilərik ki, vəziyyət yavaş-yavaş düzəlməyə başlayır. Ümid edirik ki, bu gün neftin qiymətlərinin tənzimləmə istiqamətində atdığımız addımlar qlobal iqtisadiyyatın və nəticədə neft tələbatının bərpası üçün zəmin yaradacaq. Biz hazırda bunun üçün zəmin hazırlayırıq, gələcəkdəki iqtisadi böyüməmizin təməllərini indi atırıq və 2021-ci il bu yolda çox mühüm mərhələ olacaq".

Aleksadr Novak əslində haqsız deyil. OPEC+ ölkələrinin dünənki qərarı dünya neft bazarına həqiqətən müsbət təsir göstərib. Toplantıdan dərhal sonra “Brent” markalı neftinin bir barreli 5.69% artaraq, 14 ayın ən yüksək səviyyəsinə - 67.72 dollara qalxıb. “West Texas” tipli (WTI) xam neftin barel qiyməti də 5,81 faiz artaraq 64,84 dollara çatıb.

Bununla belə, istər Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın, istərsə də Səudiyyə Ərəbistanının Enerji naziri Əbdüləziz bin Salmanın dediyi kimi, “ehtiyat igidin yaraşığıdır”. Çünki ABŞ-ın bu “tövbəli ittifaq”a nə cür cavab verəcəyi bəlli deyil. Unudulmamalıdır ki, ötən il neft böhranı başlamamışdan əvvəl ABŞ neft hasilatını görünməmiş səviyyədə artırmış və qlobal enerji bazarında qiymətləri müəyyənləşdirən əsas qüvvəyə çevrilmişdi. "BP 2020 Dünya Enerji Statistikaları Hesabatı”na inansaq, ABŞ 2019-cu ildə bir əvvəlki illə müqayisədə neft hasilatını 11% artaraq gündə 17 milyon 45 min barelə çatdırmışdı. Bu dünya neft hasilatının hardasa 18% deməkdir və dünya enerji bazarında istənilən spekulyativ tədbirləri rahatlıqla həyata keçirməyə imkan verir. Düzdür, neft böhranı nəticəsində hazırda ABŞ-ın bir çox enerji şirkətləri öz fəaliyyətini dayandırsa da, qiymətlərin bahalaşması ilə onların yenidən işə başlaması çətin olmayacaq. Rusiya və Səudiyyə Ərəbistanını “ehtiyatlı davranışa” sövq edən də elə bu ehtimaldır.

Heydər Oğuz,
Ovqat.comшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.