İki nüvə dövləti üz-üzə: Rusiya-ABŞ müharibəsi olacaq, ya yox? - GƏLİŞMƏ
19-03-2021, 15:53

Amerika ilə Rusiya arasında uzun müddətdir ki, gedən “soyuq müharibə”, Co Baydenin Vladimir Putinlə bağlı çıxışından sonra daha da kəskin xarakter almağa başlayıb.
Təbii ki, Baydenin çıxışı Rusiyaya qarşı yeni sanksiyaların gələcəyindən xəbər verir. “Rusiya Amerikadakı seçkilərə müdaxilə etdiyinə görə cavab verəcək” - deyən Bayden, bir daha Moskvaya qarşı sərt mövqe tutacağını bəyan edib.
Bundan başqa, ABŞ-ın Dövlət Katibi Entoni Blinken “Şimal axını-2” qaz boru kəmərinin çəkilməsində iştirak edən şirkətlərdən, bu işi dayandırmalarını tələb edib.
Dövlət Departamenti bir daha xatırladır ki, “Şimal axını-2” boru xətti ilə əlaqəsi olan hər hansı təşkilat, ABŞ sanksiyalarına məruz qala bilər. Amma məsələnin bir də Rusiya tərəfi var.
Vladimir Putinin Co Baydeni təkbətək debata çağırması, Rusiya Müdafiə naziri Sergey Şoyqunun “Amerika Birləşmiş Ştatları Avropa, Yaponiya və Cənubi Koreyada orta və kiçikmənzilli raketlər yerləşdirərsə, Rusiya buna uyğun cavab verməli olacaq” - deməsi, tərəflərin artıq müharibəyə hazırlandığından da xəbər verir.
İki nüvə dövlətinin getdikcə gərginləşməkdə ola münasibətləri tərəflərin hədə dolu ritorikası ilə yüksələn xətlə inkişaf edir.
Maraqlıdır, bu gərginlik hansı səviyyəyə qədər inkişaf edə bilər?
Cebhe.info-ya açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, Amerika Rusiyanın geriyə çəkilməsinə qədər davam edəcək:
“Rusiya Amerikanın Ukrayna və Şərq ölkələri ilə bağlı çağırışlarına cavab verib, beynəlxalq hüquqa zidd olan hərəkətlərinə son qoymasa, bu davam edəcək. Rusiyanın küncə sıxılması prosesi dayanmadan, yüksələn xətt üzrə inkişaf edəcək. Hesab edirəm ki, Rusiya xüsusən Ukrayna məsələsində danışıqlara gedib güzəştlər etməlidir. Hələ Krım bir yana, Dontsk və Luqansk vilayətlərini mütləq Rusiya tərəfindən Ukraynaya qaytarılmalı və onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, başda Ukrayna, hətta Krım daxil olmaqla, bütün bu məsələlər Rusiya üçün ciddi başağrısına çevriləcək”.
O qeyd edib ki, Ukrayna məsələsi ABŞ üçün qırmızı xətdir:
“Amerika belə hesab edir ki, Rusiya son dövrdə təcavüzkar hərəkətlər edir. Ona görə də Amerika Gürcüstanı da bu məsələyə qatır. Amma birinci yenə Ukraynanı qoyur. Ukraynanın ərazi bütövlüyü məsələsi Amerika üçün qırmızı xətdir. Üstəlik, Rusiyanın Baltikyanı respublikalara müəyyən təzyiqləri, onların hava sərhədlərini tez-tez pozması ABŞ-ın diqqətindən yayınmır. Düşünürəm ki, Amerika Ukrayna məsələsini birdəfəlik həll etmək istəyir. Ən azından Dontsk və Luqansk bölgələrində bu problemi həll etməyə çalışacaq”.
Politoloq, Amerikaya qarşı Rusiya tərəfindən atılacağı ehtimal edilən addımlardan da danışıb:
“Rusiya isə Amerikaya cavab olaraq, nüvə təhdidinə qədər gedə bilər. Nüvə silahı bütün dünyaya mənfi təsir göstərmiş olar. Amerikada iddia edirlər ki, guya Rusiyanın nüvə raketlərini neytrallaşdıra biləcək hava hücumundan müdafiə sistemləri var və ona görə də Kremlin nüvə təhdidlərindən qorxmurlar”.