Böyük Britaniya Ukraynaya görə Rusiya ilə kəllə-kəlləyə gəlməyə hazırlaşır
20-04-2021, 14:29

Rusiya silahlı qüvvələrinin Ukrayna ilə sərhəddə hərbi təlimləri davam edir. Müharibə ehtimalı hələ də qalır. Düzdür, ABŞ gəmilərinin Qara dənizə keçməsi ertələnib. Əvəzində Böyük Britaniya səhnəyə çıxıb. Krallıq gəmilərini Qara dənizə göndərir.
Bizimyol.info xəbər verir ki, “The Times” Böyük Britaniyanın Rusiya-Ukrayna gərginliyinə xüsusi önəm verməsinə diqqət ayırıb. Məşhur qəzet krallığın Kiyevə tam dəstək verməyə hazırlaşdığını yazıb.
“The Times” qeyd edir ki, ABŞ prezidenti Co Bayden hələlik bu məsələdə qətiyyətli deyil. Söhbət Qara dənizə gəmi göndərilməsinin təxirə salınmasından gedir. Qəzet Rusiya ordusunun Ukrayna sərhədinə yaxınlaşmasının bu qərarda əsas rol oynadığını düşünür. Yəni Bayden risk etməyə tələsməyib.
Böyük Britaniya donanmasının yüksəkvəzifəli şəxslərindən biri “The Times”a qarşıdakı plan barədə məlumat ötürüb. Məlumatda zenit raketləriylə təchiz olunmuş ingilis gəmilərinin mayda Bosfor boğazından keçərək, Qara dənizə yol alacağı bildirilib. Rusiyadan təhlükə gələrsə, Böyük Britaniya donanması sualtı gəmilərini, “Merlin” vertolyotlarını işə salmağa hazırdır. Hətta “F-35B” təyyarələri də havaya qalxacaq.
Hələ fevralda Böyük Britaniya donanması “Kuin Yelizaveta” adlı Yaxın Şərq missiyası çərçivəsində gəmilərinin Qara dəniz sularında görünəcəyi barədə məlumat yaymışdı. Krallığın Müdafiə Nazirliyi aprelin 16-dakı açıqlamasında missiya fikrindən daşınmadıqlarını bildirib. Hətta ABŞ hələlik böhran zonasından uzaq qalmaq düşüncəsində olsa da.
Müdafiə qərargahının rəhbəri Nik Karter London və Vaşinqton arasında fikir ayrılığı olmasını etiraf edir. General bildirib ki, əslində, ABŞ və NATO qoşunlarının sentyabra qədər Əfqanıstandan çıxarılması qərarıyla da razı deyillər.
Rusiya-Ukrayna arasında gərginlik Kremlin sərhədə yaxın böyük qoşun yığmasından sonra daha da artıb. Qərb, xüsusilə ABŞ Kiyevin tam ürəyincə olan dəstəyi vermir. Amma belə görünür ki, Böyük Britaniya Rusiyanın qarşısına çıxmağa hazırdır. Ukrayna üçün hadisələrin belə istiqamət alması müəyyən qədər qənaətbəxş sayıla bilər.