"ABŞ İrəvana 50 xüsusi təyinatlı yeritdi" - Səfirlikdə seçkidən sonraya gərgin hazırlıq...
19-06-2021, 17:17

Amerika hərbçiləri orta ölçülü silahlarla; “M16” və snayper tüfəngləri, eləcə də diversant hücumunu dəf etmək üçün lazımi avadanlıq və xüsusi vasitələrlə gəlib...ABŞ-ın Ermənistandakı səfirliyi seçkidən sonrakı hadisələrə hazırlaşır.
Moderator.az xəbər verir ki, “Qraparak” nəşrinin etibarlı hesab etdiyi mənbəyə istinadla yaydığı məlumata görə, 16 iyun tarixinə qədər Amerikanın elit birləşmələrindən sayılan bir qrup “dəniz pişiyi” daimi olaraq ABŞ səfirliyində növbətçi olub.
Son günlər isə buraya əlavə bir taqım da (təxminən 30 əsgər) gətirilib. "Ümumilikdə, hazırda İrəvanda bir neçə peşəkar snayper də daxil olmaqla ABŞ-ın 50 xüsusi təyinatlı dəstəsi işləyir" - deyə erməni qəzeti yazır.
“Təhlükəsizlik qüvvələrindəki mənbələrimizdən aldığımız müstəsna təfərrüatlara görə, 16 iyun tarixində ABŞ səfirliyi öz ərazisində sözün əsl mənasında bir sıra təlimlər keçirib. Amerika hərbçiləri orta ölçülü silahlarla; “M16” və snayper tüfəngləri, pulemyotlar, eləcə də diversant hücumunu dəf etmək üçün lazımi avadanlıq və xüsusi vasitələrlə gəlib. ABŞ hərbi mütəxəssisləri parlament seçkilərinin nəticələrinə görə təxminən 1000 nəfərlik mümkün hücumun olacağını nəzərə alaraq müvafiq tədbirlər görür” - Ermənistan nəşrinin xəbərində belə deyilir.
Xatırladaq ki, ABŞ-ın dünyada, demək olar ki, ən böyük səfirliyi Ermənistandadır. Sahəsinə görə ən böyük səfirlik İraq paytaxtı Bağdaddadırsa, əməkdaşlarının sayına görə birinci yerdə İrəvandakı səfirlikdir. 2021-ci ilin yanvarına olan məlumata görə, hazırda səfirlik ərazisində 2500 amerikalı əməkdaş fəaliyyət göstərir. Moskvadakı ABŞ səfirliyində isə vur-tut 450-455 əməkdaş var. Ermənistan kimi kiçik bir ölkədə 2500 nəfərlik səfirlik faktiki olaraq qeyri-leqal bir agentura-informasiya bazası deməkdir...
Sultan Laçın