RUSİYANIN UKRAYNAYA HÜCUM EDƏCƏYİ TARİX BƏLLİ OLDU - "Bloomberg"dən sensasion iddia...

1-12-2021, 07:06           
RUSİYANIN UKRAYNAYA HÜCUM EDƏCƏYİ TARİX BƏLLİ OLDU -
Noyabrın əvvəlindən müxtəlif ölkələrin xəbər agentlikləri Rusiya qoşunlarının Ukrayna sərhədinə toplanması ilə bağlı məlumatlar dərc etməyə başladı. Qafqaz.media xəbər verir ki, bu hərbi toplanma bir müddət əvvəl Krım ətrafına həyata keçirilsə də, dünyanın verdiyi reaksiyadan sonra Rusiya hərbi kontingentini geri çəkdi.

Amma, görünür, Moskva bu dəfə taktikanı dəyişməyə qərar verdi və Krıma qoşun toplamaqla diqqəti yayındırmaq məqsədi güdürdü. Çünki Moskvanın əsl istiqaməti Ukrayna-Rusiya sərhəddindən Ukrayna-Belarus sərhəddinə yönəldi. Artıq sosial şəbəkələrdə də Rusiyanın cənub və qərbinə hərbi texnika daşıyan rus hərbi eşelonlarının videosu açıq-aydın görünür.

Sentyabrda Rusiya-Belarus “Zapad-2021” təlimləri keçirildi və bu təlimlərdə iştirak edən hərbçilərin bir hissəsi daimi dislokasiya yerlərinə qayıtmaq əvəzinə, Ukrayna ilə sərhədə keçdi. Əldə edilən peyk görüntülərinin mediada paylaşılan fraqmentləri sübut edir ki, 41-ci Əlahiddə Ümumqoşun Ordusunun qüvvələri manevrlərdən sonra Novosibirskdəki daimi dislokasiya yerlərinə qayıtmayıb, Ukrayna sərhədinə köçürülüb və oradakı digər rus qoşunları ilə birləşiblər. Moskva yaxınlığında yerləşən 1-ci Qvardiya Tank Ordusu da öz hərbi texnikasını və canlı qüvvəsini Ukrayna sərhədinə yerləşib. Məlumata görə, Ukrayna sərhəddində yerləşdirilən Rusiya hərbçilərinin sayı 100 minə çatıb.

Rusiya rəsmiləri Ukraynaya qarşı hərbi müdaxilə ehtimalını rədd edərək bildiriblər ki, “Rusiya öz qoşunlarını ərazisinin bir hissəsindən başqa hissəsinə köçürür və bu, heç kimi narahat etməməlidir. Çünki onlar başqa ölkələr üçün heç bir təhlükə yaratmır”.

Lakin Moskva Ukrayna ilə sərhədə qoşun yığmağa davam edir. Sosial şəbəkələrdə yenidən Rusiya hərbçilərinin və texnikasının ötürülməsinin dayanmadığını və onların sayının durmadan artdığını təsdiqləyən materiallar peyda olub. Yeni foto və videolar təsdiq edir ki, Rusiya qoşunları və hərbi texnikasının Ukrayna ilə həmsərhəd rayonlara yerləşdirilməsi davam edir və bu, xüsusilə gecə saatlarında baş verir. "Conflict Intelligence Team" istintaq qrupunun analitikləri Voronej vilayətindən yeni texnikanın köçürülməsini, habelə Stavropol diyarından Krıma doğru qatarların hərəkətini aşkarlaya biliblər.

"Bloomberg" yazır ki, rus qoşunları aviasiyanın köməyilə 2022-ci ilin yanvar-fevral aylarında Ukraynaya mümkün hücuma hazırlaşır. Nəşrin yazdığına görə, Rusiyanın hücumu həm də Ukraynanın geniş ərazisinin daha uzunmüddətli işğalını nəzərdə tutur və bu məqsədlə Rusiya “on minlərlə ehtiyatda olan əsgərlərini səfərbərliyə çağırıb ki, bu da SSRİ dövründən indiyədək görünməmiş miqyasdadır".

Rusiyanın Ukraynaya hücumunu xəbər verən nəşrlərdən biri də “The New York Times”dır. Nəşr ABŞ və Avropa rəsmilərinə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün daha az vaxt qaldığı xəbərdarlığını edir, çünki hücum üçün hər şey hazırdır və bu, tezliklə baş verə bilər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da “Military Times”a müsahibəsində hücumun yanvarın sonu və ya fevralın əvvəlində baş verəcəyini bildirib. O qeyd edib ki, Moskva artıq psixoloji əməliyyata başlayıb, məqsədi Ukraynada sabitliyi pozmaq və onun müdafiəsini sarsıtmaqdır. Budanov həm də peyvənd əleyhinə etirazları Rusiyanın tərtib etdiyi təxribat cəhdləri adlandırıb. Rusiyanın cəhdlərinə Ukraynaya qaz şantajı, Belarusun Ukraynaya verdiyi elektrik enerjisini kəsməsi, Polşa və Belarus arasında sərhəd münaqişəsi də aiddir.

Son məlumatlara görə isə, Minsk və Moskva birgə təlimlər keçirəcək. Belarusun müdafiə nazirinin sözlərinə görə, təlimlər "Ukrayna-Belarus sərhədi"ndə keçiriləcək. Düzdür, təlimlərin dəqiq tarixinə dair hələlik konkret məlumat yoxdur. Amma maraqlıdır ki, təlimlə bağlı məlumatın yayılması NATO-nun Riqada keçiriləcək sammiti ilə eyni vaxta təsadüf edir və burada Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca səfərbər edilməsi müzakirə olunacaq.

Hazırda isə Rusiyanın “təlimlər” adı altında hərbi qüvvələrin dislokasiya yerinin dəyişdirməsi ehtimalı daha çoxdur. Üstəlik, Belarusdan Ukraynanın paytaxtı Kiyevə olan məsafənin Ukrayna-Rusiya sərhəddindən Kiyevə olan məsafədən az olduğunu və təlimlərin də Belarus-Ukrayna sərhəddində keçirilməsi xəbərinin yayıldığını da nəzərə alsaq, ehtimal olunan Rusiya müdaxiləsinin də məhz Belarus-Ukrayna sərhəddindən həyata keçiriləcəyi variantı daha çox ağlabatandır.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.