“Dünyanı idarə edənlər dərman tapırsa, şübhə yaradır” - NƏ BAŞ VERİR?

6-12-2021, 17:18           
“Dünyanı idarə edənlər dərman tapırsa, şübhə yaradır” -
Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı “Lagevrio”) geniş tətbiqinə başlanılacaq.

Ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır. Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın “Merck və Ridgeback Biotherapeutics” şirkətləri tərəfindən hazırlanıb. Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib. Dünyada ümumilkdə 5 milyondan çox insan COVID-19-un qurbanı olub. COVID-19 pandemiyası başlayandan bu virusa yoluxanların sağalması üçün müəyyən müalicələr tətbiq edilib.

Bəzi mütəxəssislər hesab edirlər ki, bu virusdan sağalmaq üçün konkret dərman preparatı yoxdur. Buna baxmayaraq, ölkələr və şirkətlər COVID-19-un müalicəsində konkret dərman preparatının hazırlanmasını elan ediblər.

Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, bunlar konkret COVID-19-un dərmanı hesab edilmir:

“İki ildən artıqdır ki, ancaq koronavirusdan danışırlar. Bu gün dünyada hər hansı bir virusun konkret dərmanı tapıldı deyilməsi ancaq sözdür. Bu virusun ayrı-ayrı növləri, ştammları əmələ gəlir, görün bunlara nə qədər dərman lazımdır. Amma ola bilsin ki, bu virusun törətdiyi patologiyaların bir hissəsinə kömək edə biləcək dərmanlar tapıla bilər. Klassik dərmanın tapılması üçünsə vaxt azdır, uzun zaman lazımdır. Onları tapmaq, sınaqdan keçirmək lazımdır. Əgər Qərb və dünyanı idarə edənlər dərman tapırsa, bu da bütün dünyada şübhə yaradır.

Belə çıxır ki, bu işlərdə həmin dövlətlərin dolayı, ya birbaşa əli var. Dünyada keyfiyyətsiz qidaları, dərmanları bunlar yaradırlar. Belə mühitdə istənilən patologiyalar yarana və istənilən patologiya törədəyiciləri çoxala bilir. Yəni hansısa ideya haqqında yüz cür fikir söyləmək olar, əsas fikrin öz təsdiqini tapmasıdır. Əgər hər hansı dərman maddəsi hazırlanmayıbsa, sadəcə, bu haqda fikri varsa, bu, bazar söhbətidir. Dünyada dərman siyasətinin, dərmanlarla milyardlar qazanmağın təbliğat yoludur”.

Ekspert bildirib ki, virus əleyhinə dərmanlar var, bu, ümumi viruslar üçün istifadə edilir:

“Bunlar kitabarda da var. Amma söhbət burada konkret bugünkü törədicinin patologiyasının qarşısını almaqdan gedir. Yəni yeni virus üçün keçərli olmaya bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.