Litvada ən uzun dəmir yol körpüsünü İspaniya şirkəti tikmək niyyətindədir
17-12-2021, 12:59

Çin dövlət şirkətinin nəzarətindəki İspaniya şirkəti Avropa tipli “Rail Baltica” dəmir yolu layihəsinin bir hissəsi olan, Neris (Viliya) çayı üzərindən keçən dəmir yolunun tikintisi üzrə tenderin qalibi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Litvanın “LRT” radiostansiyası yayıb.
Bildirilir ki, “Litva Dəmir Yolları” (LDY) ötən il səhmlərinin üçdə ikisi Çinin “China Road and Bridge Corporation” şirkəti tərəfindən alınan İspaniyanın “Puentes y Calzadas Infraestructuras” şirkətinə Yonava şəhəri yaxınlığındakı Neris çayı üzərindən keçən, uzunluğu bir kilometr yarım təşkil edən körpünün inşası məqsədilə 62,5 milyon avro dəyərində müqavilə imzalamağı təklif edib. İspaniya şirkətinin də körpü podratçısı müsabiqəsində ən aşağı qiyməti təklif etdiyi və ən yüksək bal aldığı qeyd edilir.
Litva Dəmir Yolları “LRT”yə verdiyi açıqlamada bildirib ki, satınalma prosedurları hələ tamamlanmayıb, müqavilə layihəsi isə Hökumət Komissiyası tərəfindən qiymətləndirilir.
Qeyd olunub ki, gələcək podratçı nəinki körpü inşa etməli, həm də ətrafı təmizləməli, səs-küy uducu divarlar çəkməli, su kəməri və digər mühəndis şəbəkələrini, meliorasiya qurğularını yenidən tikməlidir.
“Rail Baltica” Baltikyanı ölkələrin tarixində ən böyük dəmir yolu infrastrukturu layihəsidir. Bu layihə özündə Kaunas və Riqa şəhərinin üzərindən keçməklə Varşavadan Tallinə qədər elektrikləşdirilmiş Avropa dəmir yolu xəttinin tikintisini ehtiva edir.
Baltikyanı dövlətlərdə “Rail Baltica”nın ümumi uzunluğu 870 kilometr təşkil edir. Litvada 392, Latviyada 265, Estoniyada isə 213 kilometrdir. Layihənin ümumi dəyəri təxminən 5,8 milyard avrodur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri