Qərb-Rusiya qarşıdurması: İsveç NATO-dan niyə uzaqlaşır?

25-01-2022, 19:36           
Qərb-Rusiya qarşıdurması:
"İsveç hazırda NATO-ya üzvlük üçün müraciət etmək niyyətində deyil".

Bunu İsveçin xarici işlər naziri Ann Linde Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.

“Finlandiyadan olan həmkarımızla birlikdə NATO-nun baş katibi ilə görüş zamanı vəziyyətlə bağlı təhlilimizi təqdim edəcəyik, İsveç və Finlandiya üçün nəyin vacib olduğu barədə daha ətraflı danışacağıq. Məsələn, istənilən vəziyyətdə bizim dəstək təhlükəsizliyi xəttimizi seçmək hüququ var. Hazırda NATO-ya üzvlüklə bağlı müraciət etmək fikrimiz yoxdur. İndi bu məsələ gündəlikdə deyil”, - Linde bildirib.

Xatırladaq ki, bir müddət əvvəl İsveç Rusiya ilə su sərhədi yaxınlığındakı Qotland adasına zirehli texnika və hərbçilərini göndərdi. Kreml də analoji addımı ataraq qarşılıq verdi. Həmçinin, rəsmi Moskva İsveçin NATO-ya daxil olmasının Rusiyanın təhlükəsizliyi üçün təhdid hesab etiyini bəyan edirdi. Bütün bunların fonunda isə İsveç xarici işlər nazirinin bu açıqlaması “geriyə addım” kimi dəyərləndirildi.

Bəs İsveçin geri addım atmasına səbəb nədir?

Bununla bağlı Cebhe.info-ya danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, mövcud regional vəziyyətə əsasən, ölkələr arasındakı qarşıdurmalar arzuolunan deyil:

"Rusiya indiki şəraitdə qonşu ölkələr ilə münasibətlərə yenidən baxır. Yəni Kreml 20 il əvvəl hansısa ölkənin hara üzv olmasını normal qəbul edirdisə, indi vəziyyət dəyişib.

Rusiya NATO hərbi birləşmələrinin sərhədlərinə yaxınlaşmasını özünə təhdid olduğunu bəyan edir. Buna görə də, Kreml İsveçin NATO-ya üzv olması Rusiyanın təhlükəsizliyi baxımından “qırmızı xətt” hesab edir.

Lakin İsveçin NATO ilə kifayət qədər yaxşı münasibətləri var. Buna baxmayaraq, İsveçin NATO-ya üzv olması qonşu ölkə olan Rusiya ilə münasibətləri birmənalı olaraq gərginləşdirə bilər. Ona görə də həmin bölgədə yerləşən ölkələrin bir-birinə qarşı belə aqressiv münasibəti arzuolunan deyil. İsveç hakimiyyəti düşünür ki, NATO-ya daxil olmaları Rusiyanın təzyiqlərindən qoruya bilər.

Lakin görünür ki, İsveçin alyansa daxil olması rəsmi Moskvaya qarşı təhdid kimi qiymətləndiriləcək. Bu isə prosesin daha da dərinləşməsinə gətirib çıxaracaq. Düşünürəm ki, vəziyyəti normallaşdırmaq üçün İsveçin geriyə addım atmaqdan başqa yolu yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.