Rusiya sanksiyalara görə Britaniyanı cavab tədbirləri ilə hədələyir
25-02-2022, 11:19

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın aviasiya orqanlarına hava əlaqəsi haqqında sazişin müddəalarına riayət etmək üçün bildiriş göndərib. AzVision.az xəbər verir ki, Rusiya "Aeroflot"a qarşı sanksiyalara cavab olaraq Moskvanın oxşar tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib. - Böyük Britaniyanın aviasiya orqanlarına hava əlaqəsi haqqında sazişin müddəalarına əməl olunmasının zəruriliyi barədə bildiriş göndərilib. Rusiya tərəfi tələblərə əməl etmək üçün hökumətlərarası sazişin müddəalarına uyğun olaraq "güzgü effekti" verən tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır, - məlumatda deyilir.
Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, təkcə fevralın 25-də Britaniya aviaşirkətləri Rusiya hava məkanında 70 tranzit reysi, həmçinin London-Moskva marşrutu üzrə iki reys həyata keçirməlidir.
Xatırladaq ki, cümə axşamı Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə çıxış edərək bildirib ki, London Ukraynadakı vəziyyətlə əlaqədar ölkədə "Aeroflot"un fəaliyyətini qadağan edir. Həmçinin Rusiya hərbi-sənaye kompleksinin bir sıra müəssisələrinə qarşı sanksiyalar da tətbiq edilir.