İranın Qırmız Xaç və Qırmızı Aypara cəmiyyətləri Ukraynaya humanitar yardım göstərəcək
3-03-2022, 19:39
İranın Qırmız Xaç və Qırmızı Aypara cəmiyyətləri Ukraynaya humanitar yardım göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əmir Abdullahian ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Peter Maurer arasında telefon söhbəti zamanı razılıq əldə edilib.
Razılığa əsasən, İranın Qırmız Xaç və Qırmızı Aypara cəmiyyətləri Ukraynanın qərb vilayətlərində fəaliyyət göstərərək, tibbi çadırlar quracaq və qaçqınlara tibbi xidmət göstərəcəklər. Bununla yanaşı, İranda toplanan humanitar yardım da qaçqınlara çatdırılacaq.
Telefon söhbəti zamanı qeyd olunub ki, hazırda İranda 3 milyondan çox qaçqın var. Bunlar Yəməndə və Əfqanıstanda hərbi əməliyyatların nəticəsində ölkələrindən qaçaraq İrana sığınıblar. İranın Qırmız Xaç və Qırmızı Aypara cəmiyyətləri hökumətin köməyi ilə onlara tibbi xidmət göstərməklə yanaşı, ərzaq təminatlarını və uşaqların təhsilini də diqqətdə saxlayır.