Rusiya vətəndaşlarının qonşu dövlətlərə axını başlayıb

20-05-2022, 08:31           
Rusiya vətəndaşlarının qonşu dövlətlərə axını başlayıb
İlk üç ayda Rusiyadan Ermənistana 134 min, Gürcüstana 38 min, Qazaxıstana 205 min nəfər gəlib

Rusiya Statistika Komitəsi 2022-ci ilin ilk üç ayı ərzində vətəndaşlarının sərhədi keçməsi ilə bağlı statistikanı açıqlayıb. İlk üç ayda Rusiyadan Ermənistana 134 min, Gürcüstana 38 min, Qazaxıstana 205 min nəfər gəlib.

Rusiya sərhəd xidmətləri bu ilin yanvar-mart aylarında xeyli sayda vətəndaşın ölkəni tərk etdiyini etiraf edib. Rusiya tərəfinin məlumatına görə, Gürcüstana vətəndaş axını 5 dəfə, Ermənistana isə 3 dəfə artıb. Qeyd olunur ki, 38 min Rusiya vətəndaşı Gürcüstanla Rusiya arasında yeganə quru sərhədi olan Yuxarı Larsdan keçib. Onlardan 28 mini səfərin məqsədini “özəl” adlandırıb. Maraqlıdır ki, 2021-ci ilin birinci rübündə göstərici cəmi 8 min olub.

Diqqətəlayiqdir ki, mart ayından təşkilat ən azı 300 min vətəndaşın Rusiyanı tərk etdiyini bildirib. Onların gəlişi üçün ən çox üstünlük verilən istiqamətlər Gürcüstan, Ermənistan və Türkiyə olub.

Ermənistan yaranmış bu vəziyyətdən də öz piar məqsədi üçün istifadə edir. Belə təqdim edir ki, guya Rusiyadan Ermənistana təşrif buyuranların böyük əksəriyyəti milliyyətcə rus olanlardır. Ruslar niyə Ermənistana üz tuturlar? Bu ölkənin nə iqtisadiyyatı, nə fərli gün-güzəranı var? Bu proses kollektiv Qərbin sanksiyalarından yayınmaq üçün konkret kollektivlərin, bir sıra özəl və məxfi xidmət müəssisələrinin xüsusi planlanan yerdəyişməsi ola bilərmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya Statistika Komitəsinin 2022-ci ilin ilk üç ayı ərzində vətəndaşlarının sərhədi keçməsi ilə bağlı açıqlamasındakı rəqəmlər ortaya suallar çıxarır: “Niyə insanlar Rusiyanı tərk edirlər. Gürcüstana Rusiya vətəndaşlarının axınının beş dəfə, Ermənistana üç dəfə artdığı qeyd olunur. Bu rəqəmlərə isə baxdıqda yeni bir sual yaranır ki, bu ölkələrə axın nə ilə bağlıdır, bunun kökündə hansı məqamlar dayanır? Əgər Gürcüstana diqqət yetirsək, hesab edirəm ki, yanvar-fevral-mart aylarında bu ölkəyə gedənlərin böyük əksəriyyəti istirahət məqsədilə səfərlər edib. Nəzərə alsaq ki, müharibə fevralın sonlarından başlayıb və qeyd olunan üç ayın ikisi müharibə dövrinə təsadüf edir, o zaman belə hesab etmək olar ki, gedənlərin çoxu müharibəyə görə deyil, istirahət məqsədilə gedənlərdir. Ola bilsin ki, axırıncı bir ayda Rusiyadan gedənlərin sayı sürətlə çoxalıb və buna görə də əvvəlki dövrlə müqayisədə son üç aydakı rəqəm beş dəfə artıb. Ermənistana səfərlərin üç dəfə artması isə daha maraqlıdır. Ermənistan Gürcüstan kimi turizmin inkişaf etdiyi ölkə deyil. Bəs nədən oraya da Rusiya vətəndaşlarının səfərində bu qədər artım olub? Burada ola bilər ki, bu insanlar fevral ayında müharibə başladığını gördükdən sonra sanksiyaların təsirindən yayınmaq üçün və ya müəyyən şayiələr var idi ki, səfərbərlik olacaq, bundan yayınmaq məqsədilə ölkəni tərk ediblər. Hər halda, Ermənistana gələn həmin Rusiya vətəndaşları adlanan şəxslərin əksəriyyəti milliyyətçə erməni olanlardır. Ermənilər dar günün dostu olmayan, dostuna hər an arxa çevirə bilən toplum kimi tanınırlar. Rusiyanın müharibə başlayandan sonra üzləşdiyi çətin durum, ağır sanksiyaların ölkənin gələcəyi üçün yaxşı perspektiv vəd etməməsi erməniəsilli Rusiya vətəndaşlarının bu ölkəni tərk etməsi ilə nəticələnib. Gedənlərin çox az sayı ola bilsin, turist kimi gedib. Ermənistan iqtisadi və ticarət baxımından cəlbedici ölkə deyil ki, biznesmenlər öz bizneslərini Rusiyadan köçürüb burada qorumaq məqsədi güdsünlər”.

Ç.Qənizadə hesab edir ki, qarşıdakı aylarda Rusiyadan adıçəkilən üç ölkəyə və digər bir sıra ətraf ölkələrə axın daha da artacaq: “Burada həm müharibənin təsiri, həm də turizm mövsümü də rolunu oynayacaq. Sanksiyaların təsirindən mümkün qədər yayınmağa çalışanlar da kifayət qədərdir ki, bu amil də Rusiyadan kənara çıxan vətəndaşların sayında çox böyük artıma gətirib çıxarır”.

Ekspertin fikrincə, Avropanın və Qərbin Rusiyaya qapılarını bağlaması da bu ölkə vətəndaşlarının Gürcüstan, Ermənistan, Qazaxıstan, Azərbaycan, Türkiyə kimi ölkələrə səfərlərinin çoxalması səbəblərindən biridir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.