Məhəmməd Peyğəmbəri təhqir Hindistana baha başa gələcək

13-06-2022, 00:08           
Məhəmməd Peyğəmbəri təhqir Hindistana baha başa gələcək
Küveyt hind istehsalı olan məhsulları piştaxtalardan yığışdırır; “Əl-Qaidə” Hindistanı hədələdi

İyunun 9-da Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.

Qeyd edək ki, mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlədib. Partiyanın digər üzvü Kumar Cindal da “Twitter” səhifəsində peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söyləyib.

Partiya rəsmilərinin təhqirləri Hindistanda İslam dininə bağlı olan təqribən 200 milyon əhalinin etirazına səbəb olub. Xüsusilə Uttar Pradeş ştatında minlərlə insan küçələrə axışıb və BJP üzvlərinin cəzalandırılmasını tələb ediblər. Polis etirazları vəhşicəsinə yatırıb və 50-dən çox fəal nümayişçini həbs edib.

Hindistan rəsmilərinin müsəlmanları təhqir etməsi tezliklə ölkə hüdudlarından kənara da yayılıb. Qətər, İran və Küveyt dərhal Hindistan hökumətinə rəsmi etirazlarını bildiriblər. Ümumilikdə bugünədək Azərbaycan da daxil 15 müsəlman ölkəsi Hindistana etirazlarını bildiriblər. 57 üzv dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası da Hindistana etiraz bəyanatı veriblər. Omanın baş müftisi Şeyx Əhməd Əl-Xəlili isə baş verənləri “bütün müsəlmanlara qarşı müharibə” adlandırıb.

Etirazlar dalğası Hindistan hakimiyyətini təcili qərarlar verməyə məcbur etdi. Həm Nipur Şarma , həm də Kumar Cindal vəzifəsindən uzaqlaşdırıldı. Lakin partiya məmurlarının cəzalandırılması Hindistanı etirazlardan sığortalamayıb. Həftənin ortasında “Əl-Qaidə” terror təşkilatı İslam Peygəmbərini təhqir edildiyi üçün Hindistanda terror aktları törətməklə hədələyib. İyunun 9-da Pakistanda keçirilən etiraz aksiyasında isə bütün müsəlman ölkələrini Hindistanla diplomatik münasibətləri kəsməyə çağırılıb.

Üstəlik, bir sıra ərəb dövlətlərində sosial şəbəkələrdə hind mallarının boykot edilməsi çağırışları səslənməyə başlayıb və Küveytin bəzi mağazalarında Hindistan istehsalı olan məhsullar artıq piştaxtalardan yığışdırılıb. Bu Dehli üçün xoşagələn xəbər deyil, çünki bütün Yaxın Şərq Hindistanın xarici ticarətinin 10%-dən çoxunu təşkil edir. Bundan əlavə, Fars körfəzi ölkələrində təxminən 6,5 milyon hindistanlı işləyir, onların bir çoxu həyatları üçün qorxmağa başlayıblar.

Maraqlıdır ki, Hindistan daxilində bəzi qüvvələr xarici təzyiqlərə tab gətirməyərək hakim partiya üzvlərinin cəzalandırmasından narazı qalıblar. Belə ki, son bir neçə gündə Twitter-də cəzalandırılan məmura dəstək və həmrəylik ifadə edirlər. Bəziləri hətta baş nazir Narendra Modini qorxaqlığına görə qınayarlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru