Rusiya zənginləşdirilmiş uran tədarükünü dayandıra bilər - ABŞ-ı qorxudan xəbərdarlıq…
16-06-2022, 10:39
Rusiya ABŞ-a zənginləşdirilmiş uran tədarükünü dayandıra bilər və nəticədə Vaşinqton reaktorların bağlanmasına qədər mənfi nəticələrlə üzləşə bilər.
Bunu Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzindən Matt Bouen və Paul Dabbar “The Hill” nəşri üçün yazdığı məqalədə bildirib.
Müəlliflər Rusiyanın ABŞ-a zənginləşdirilmiş uranın daşınmasını tək bir hərəkətlə dayandıra biləcəyi ilə bağlı Vaşinqtona xəbərdarlıq ediblər.
"Bu, reaktorların dayanmasına səbəb ola bilər. Ölkənin bəzi bölgələrində nüvə enerjisinin istehsal olunan enerjinin 20 faizini təşkil etdiyini nəzərə alsaq, elektrik enerjisi qiymətləri bugünkü inflyasiyanı belə keçə bilər" - Bouen və Dabbar deyib.
ABŞ və Avropa İttifaqında (Aİ) istifadə edilən bir çox reaktorun Rusiyada istehsal edildiyini və Moskvanın bu reaktorlar üçün komponentləri tədarük etdiyini xatırladan ekspertlər, Rusiya ilə Qərb arasında gərginliyin artmaqda davam edəcəyi təqdirdə atom elektrik stansiyalarının dayana biləcəyini və istehlakçılar üçün elektrik enerjisi təminatında problemlər olacağını bildirirlər.