Bako Saakyan Şuşaya gəldi - terrorçular “qələbə paradı”nı keçirə biləcəkmi?
6-05-2016, 01:19
İşğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin rəhbəri Bako Saakyan bu gün 1992-ci ilin 8 mayından Ermənistan -Rusiya silahlı qüvvələri tərəfindən işğal olunan Şuşa şəhərinə gəlib.
Musavat.com-un Ermənistan mətbuat orqanlarına istinadən verdiyi məlumata görə, separatçıların başçısı Şuşa rayonunda sosial-iqtisadi məsələlərlə əlaqədar toplantı keçirib. Rayon administrasiyasının əlaqədar təşkilatlarının rəhbərlərinin məruzə ilə çıxış etdikləri bildirilir. Xəbərdə qeyd olunur ki, Saakyan müvafiq məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar verib.
Bundan əvvəl B.Saakyan Hadrut, Xocavənd və Ağdərə rayonlarında da olmuşdu. Həmçinin qondarma qurumun oyuncaq “baş naziri” bu günlərdə Hadruta getmişdi. Separatçılar onsuz da sayı gündən-günə azalan mülki əhalinin aprel məğlubiyyətindən sonra kütləvi şəkildə bölgəni tərk etməsindən ciddi şəkildə narahtdırlar. Ona görə də “mərkəzi hakimiyyətin işgüzar toplantıları” adı altında əslində mövcudluqlarını nümayiş etdirməyə, təlaş içərisində olan hərbi bölmələrdə və Dağlıq Qarabağın içərilərinə, həmçinin Ermənistan ərazilərinə qaçan mülki sakinlərə ürək-dirək vermək istəyirlər.
Ancaq B.Saakyanın məhz bu ərəfədə Şuşaya gəlməsinin başqa səbəbi də olmamış deyil. Şübhəsiz ki, Ermənistan Şuşanın işğal günündə bu şəhərdə bundan əvvəl olduğu kimi, hansısa “bayram” tədbiri keçirmək istəyəcək. Düzdür, onlar Azərbaycan ordusunun qəfil zərbələrindən, İsrail istehsalı olan “əjdaha”ların hücumundan da ehtiyatlanırlar. Lakin hazırda ermənilərin psixoloji durumu elədir ki, İrəvan və Xankəndindəki cinayətkarlar onlara hansısa bir şəkildə ruh verməyə zərurət duyurlar. Qarabağın “müstəqilliyinin” tanınması barədə hədələrin heç bir mənasının olmadığını görən düşmən növbəti avantürüst addımı atmaq istəyəcək. Mümkündür ki, qisamüddətli də olsa, “hərbi parad” adı ilə bir tədbir keçirməyə cəhd etsinlər.
Rusiyalı ekspert Oleq Kuznetsov bu günlərdə demişdi ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. O, savaşın başlayacağı tarix kimi 8 mayı göstərmişdi. “Mayın 8-i erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti"ndə bu, bayram hesab edilir. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün - mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir”-ekspert demişdi.
Qarabağdakı terrorçuları öz ətrafında birləşdirən “Yerkrapa”nın rəhbəri Manvel Qriqoryan isə “bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər”-deyə, Azərbaycanı hədələmişdi. Bako Saakyanın Şuşada görünməsi Azərbaycanı bütün cəbhələrdə ehtiyatlı olmağa sövq edir. İstənilən halda düşmənə Azərbaycan torpaqlarında keçirmək istədiyi “qələbə bayramı”nı haram etmək lazımdır...