PUTİN – ATOM BOMBASINA MALİK MİLOŞEVİÇDİR! - Riyakarlıq, yoxsa elementar məntiqin çatışmazlığı?
25-05-2016, 10:19
Avropada Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarlarının səsləri, son zamanlar daha tez-tez yüksəlməyə başlayıb. Bu yaxınlarda Almaniyanın Xarici İşlər naziri Valter Ştaynmayer bildirib ki, Rusiyanın “böyük səkkizlər” içərisinə qayıtması lazımdır. Saksoniya hökumətinin başçısı Stanislav Tillix Rusiya əleyhinə qəbul olunmuş sanksiyaların qaldırılmasına çağırıb. İtaliyanın Veneto əyalətində mühüm rol oynayan separatçı “Şimal liqası” və onun müttəfiqləri, faktiki olaraq Krımın Rusiya tərəfindən ilhaqını tanıyaraq, daha da irəliyə gediblər. Əlbəttə, bu regional qətnamədir və onun heç bir praktik nəticələri olmayacaq. Amma bu, növbəti Rusiyapərəst qüvvələrin aktivləşməsini göstərir.
Avropa siyasətçilərinin içərisində elələri var ki, onların Putin Rusiyasına rəğbətinin təmənnasız olmasını demək çətindir. Elə təkcə Fransanın “Milli Cəbhə” təşkilatının Rusiya banklarındakı pulları barəsində qalmaqalı yada salmaq kifayətdir. Macarıstanın ultra sağ “Yobbik” partiyası, Yunanıstanın sağ radikal “Qızıl şəfəq” və İtaliyanın “Şimal Liqası”nın Kremldən maliyyələşməsi şübhələri var.
Lakin Rusiya ilə münasibətlərin istiləşməsini istəyən avropalı tərəfdarların hamısını mənfəətpərəst adlandırmaq düz olmaz. Onların əksəriyyətinin motivləri mürəkkəbdir.
- Putinin nəyi Miloşeviçdən yaxşıdır?
Qərbin avtoritar ölkələrə qarşı ənənəvi siyasəti, iki alternativ yanaşmanın təsiri altında formalaşır. Bunlar realpolitik (real siyasət) və ideya prinsiplərinə söykənməkdir. Realpolotikin tərəfdarları hesab edirlər ki, ən başlıca məsələ ideallar yox, maraqlardır. Əgər hansısa məsələ sənin ölkənin xeyrinədirsə, onda burnunu tutub, istənilən xarici ”pis oğlanlarla”əməkdaşlıq etmək lazımdır, hətta onlardan pis iy gəlsədə belə. Son illər ərzində Avropa Putin Rusiyasının rəhbərliyi ilə məhz bu siyasi məntiqdən çıxış edərək münasibət qurub.
Vəziyyətin məhz bu cür anlaşılması avropalı liderləri Miloşeviçə nisbətən, Putinə qarşı daha fərqli yanaşmağa məcbur edir. Bəs, Miloşeviçlə Putin arasında prinsipial fərq nədir? Hər iki prezident dinc əhali arasında qırğınlara baxmayaraq, regionlarda müstəqillik uğrunda hərəkatları amansızlıqla əziblər (Miloşeviç-Kosovoda, Putin-Çeçenistanda). Onların hər ikisi özgə ərazilərdəki tanınmayan respublikalara hərbi dəstək veriblər. Həm də ki, Putin nəinki dəstək verib, hətta Ukrayna torpağında faktiki elan olunmamış müharibə apararaq, LNR və DNR kimi marionetkaları sıfırdan təşkil edib.
Onu da deyək ki, Putindən fərqli olaraq, Miloşeviç qonşu respublikaların torpaqlarını ilhaq etməyib. Serbiya prezidentinin reputasiyasına, digər ölkənin hava sahəsində mülkü təyyarənin vurulması, onun casuslarının Avropa paytaxtlarının əhalisini təhlükə altına qoymaqla, müxalifətçinin radioaktiv polonium ilə zəhərlənməsi kimi şübhəli kölgələr düşüməyib. Amma buna baxmayaraq, Qərb üçün Miloşeviç cinayətkar, Putin isə mühüm tərəfdaşdır. Bax, realpolitikin ikili standartları belədir. Axı, Miloşeviçin atom silahı, nefti, qazı və Avropada güclü PR kampaniyası aparmaq üçün maliyyə resursları olmayıb.
- Merkelə qarşı təzyiqlər artacaq
Öz dövründə Qərbin SSRİ-yə qarşı münasibəti, əsas etibarilə, ideya prinsipləri üzərində qurulmuşdu. İstənilən Sovet ekspansiyası müqavimətlə qarşılaşırdı. Bir çox məsələlərə görə SSRİ-ni heç zaman bağışlamayanlar, bunları Putin Rusiyasına bağışlayırlar. Ukraynaya qarşı təcavüz, Sovet İttifaqının Əfqanıstana müdaxiləsi ilə müqayisəyə gəlməyəcək dərəcədə daha az reaksiya gördü.
Rusiyanın Suriyaya girməsi və Əsəd rejiminin müdafiə olunması isə, hətta bəzi nüfuzlu Qərb siyasətçiləri tərəfindən təqdir edildi. Qəribəsi odur ki, digər tərəfdən onlar bildirirlər ki, Əsəd qanlı diktatordur və minlərlə insanın qırılmasında günahkardır. Ancaq bütün bunlara baxmayaraq, Əsədin Rusiya tərəfindən dəstəklənməsi qınanılmır, əksinə, hətta Rusiyanın Suriya böhranının həllinə “konstruktiv töhfə” verməsini önə sürənlər də az deyil. Bu nədir: riyakarlıq, yoxsa elementar məntiqin çatışmazlığı?
Putin Rusiyasına göstərilən bu cür ”mərhəmət” Sovet İttifaqından fərqli olaraq, Rusiyanın dünya bazarına sıx inteqrasiya olunması ilə bağlıdır. Ona görə də Qərb biznesinin ciddi maraqları var. Çünki Rusiya elitası Qərbdə böyük maliyyə aktivləri yerləşdirib. Rusiya ilə əməkdaşlıq etməyə böyük gücə malik beynəlxalq maliyyə-sənaye qrupları və iri korporasiyaları maraqlıdırlar.
Düzdür, hərçənd ki, Avropa Birliyi diplomatiyasının rəhbəri Federiko Moqerini hesab edir ki, yaxın günlərdə bu sanksiyalar uzadılacaq, amma hər halda bunun gələcəyi daha problemli olacaq. Bu sanksiyalar əsasən Anqela Merkelin mövqeyi üzərində dayanıb. İndi o, Rusiyaya qarşı prinsipial siyasətin yürüdülməsinin ən güclü tərəfdarıdır. Minsk razılaşmasının reallaşma şansı sıfıra yaxındır. Hətta, bu da sanksiyaların əleyhdarlarını dayandırmır. Onların kanslerə qarşı həm Avropada, həm də Almanıyanın daxilindəkı təzyiqləri artacaq.
- Putini durdurmaqla Rusiyaya kömək etmək!
Beynəlxalq hüquq normalarını və öz müqavilə öhdəliklərini heçə sayan və özgə torpaqlarını ilhaq edən bir ökənin rəhbəri etibarlı tərəfdaş ola bilməz. Lazımı qarşılıq görməyincə o, qanunları gələcəkdə də pozacaq. Belə bir vəziyyətdə mövcud realpolitik təcavüzkarın sakitləşdirilməsi siyasətinə çevrilir.
Fırıldaq və yalanlara qaşı yalnız hüquq prinsiplərinə dəqiq rəayət etmək və onu pozanlara münasibətdə sıfır dözümlülük göstərməklə dayanmaq olar.
Bu yaxınlardakı beynəlxalq konfransda belə bir dialoq olub. Rusiyalı jurnalist Qərb nümayəndəsindən soruşur: ”Sizin məqsədiniz Rusiyanı dayandırmaqdır, yoxsa ona kömək etmək?” Avropalı ekspet isə cavabında deyib ki, Rusiyaya kömək etmək üçün Putini durdurmaq lazımdır ki, bu Avropaya da kömək göstərmək mənasını verir. Məhz siyasətə bu cür idealist yanaşma praqmatik nəticə verə bilər. Belə bir yanaşmanın qələbə gətirəcəyini isə zaman göstərəcək.
(Deutsche Welle)