ABŞ tarixinin ən böyük fırıldaqçılığı - 280 milyard dollar oğurlandı
15-06-2023, 11:48
ABŞ-da COVID-19 yardım fondundan 280 milyard dollardan çox vəsait oğurlanıb. Bakupost.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb. AP-nin yayımladığı hesabatda ABŞ hökumətinin COVID-19 yardımı üçün cəmi 4.2 trilyon dollar ayrıldığı bildirilib. Pandemiya dövründə ABŞ-da yardım fondunun 280 milyard dollardan çoxunun oğurlandığı, 123 milyard dollardan çoxunun isə israf edildiyi məlum olub. Bu, ümumi yardımın 10 faizinə bərabərdir. Hadisə ABŞ tarixinin ən böyük fırıldaqçılığı hesab edilib. Rəsmilərin dediyinə görə, fırıldaqçılar işsizlik müavinəti almaq üçün həbsxanalardakı məhbusların və ölənlərin sosial təminat nömrələrindən istifadə ediblər, bunu ölkənin bir çox ştatlarında həyata keçiriblər. Vaşinqton hökumətinin hadisə ilə bağlı 2 min 230-dan çox insanı istintaqa çəkdiyi qeyd olunub. Onların arasında əsgər, keşiş, digər məmurlar və cinayətkarlar da var.