Trampın pulu qurtarıb, ianələri cibinə basırmış...

22-06-2016, 17:00           
Trampın pulu qurtarıb, ianələri cibinə basırmış...
“The İndependent” yazır ki, Donald Trampın bahalı seçki kampaniyasını davam etdirmək üçün öz varidatından xeyli xərcləməli olacağı gözlənilir.

Bu, ona Hillari Klintonla Ağ Ev uğrunda mübarizənin davam etdirilməsi üçün lazımdır.

Kampaniyalara dair maliyyə hesabatları göstərir ki, may ayında Trampın seçki kisəsində cəmi 1,3 milyon dollar pul qalıb.

“The İndependent” yazır ki, müqayisədə xanım Klinton kampaniya üçün böyük bir xəzinə fondu yarada bilib. Həmin may ayında onun seçki kampaniyasının hesabında 42,5 milyon dollar vəsait olub.



Klintonun 1 milyardı

Məqalədə deyilir ki, Hillari Klinton seçki kampaniyası başlayandan indiyədək 238,2 milyon dollarlıq fond toplaya bilib və belə getsə, vəd etdiyi kimi kampaniyanın sonunda 1 milyard dollar hədəfinə çatacaq.

“The İndependent” yazır ki, belə bir vəziyyət cənab Trampı təhlükədə qoyur.

Artıq indinin özündə Klinton televiziya və radio dalğalarında güclü təbliğat aparır, halbuki Tramp payızadək heç bir efir vaxtı sifariş etməyib.

Məqalədə deyilir ki, Trampın donorları ona verilən pulların necə xərclənməsindən narazıdırlar, çünki bu pulların əksər hissəsi Trampın ciblərinə və ya şirkətlərinin hesablarına axır.

Məsələn, ötən may ayında o, özünün təkcə Floridada, “Palm Beach”dəki “Mar-a-Lago” klubuna 423 min dollar xərcləyib.

Hillari Klinton bütün bunlara özünün “Twitter” hesabından lağ edir.



Trampofon

Çərşənbə axşamı Tramp özünün maliyyə ianələri istəyən ilk şəxsi emailini göndərib. Bu məktubunda o vəd edir ki, ona verilən hər bir dollar üçün öz sərvətindən bir dollar xərcləyəcək.

“The İndependent” yazır ki, beləliklə, ABŞ tarixində ilk Trampofon yaranıb.

Məqalədə deyilir ki, Tramp ölkə boyunca özünün seçki infrastrukturunu da yarada bilməyib, halbuki bu, Ağ Ev uğrunda yarışda qalib gəlmək üçün başlıca alətlərdən biridir.

Xanım Klintonun seçki komandasında 700, Trampınkında isə 70 işçi var.

“The İndependent” yazır ki, Trampın hazırda malik olduğu fondlarla ABŞ-ın ali baş komandanı yox, yalnız senator olmaq olar.

Məqalədə deyilir ki, Tramp donorlardan pul almaq üçün ştatlarda qapı-qapı gəzib vaxt itirməli olur.

Bu da qeyd edilir ki, indi Trampın mətbuatın hay-küyü hesabına toplanmış kiçik resurslarının nə vaxt qurtaracağı maraq doğurur.



Onun puldan başı çıxır

“The İndependent” yazır ki, onun uzun müddətdən bəridir kampaniyasına rəhbərlik etmiş Corey Lewandowskini işdən çıxarması göstərir ki, Tramp bütün bu məsələlərə görə qəfil əl-ayağa düşüb.

Məqalədə deyilir ki, Tramp respublikaçıların dəstəyini səfərbər etmək üçün innən belə daha “partiyalı” mövqe tutmalı olacaq.

Ötən gün NBC-nin “Today Show” proqramına müsahibə verən Tramp deyib ki, o, pul məsələsini hamıdan yaxşı bilir və lazım gələrsə, praymerilər zamanı qazandığı 55 milyon dolları yenidən qazana bilər.

O bundan əvvəl “Fox News” şəbəkəsinə demişdi ki, 1 milyard dollarlıq fond toplayacağını vəd etmiş Klintondan fərqli olaraq “başqa yolla” gedəcək.

Tramp pul kasadlığının səbəbini Respublikaçı Partiyanın onu lazımınca dəstəkləməməsi ilə izah edir.

Lakin respublikaçıların pullu donorları hesab edirlər ki, bu məsələdə Tramp artıq gecikib.

Onların dediyinə görə, Ağ Evə yürüş marafonu üçün fondu iki il müddətində toplayırlar. (BBC Azərbaycan)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.