Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...

Bu gün, 09:28           
Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
Azərbaycandan nümunə götürən Qazaxıstan Böyük Britaniya ilə hərbi-siyasi əməkdaşlığı dərinləşdirməyə başlayıb.
Belə ki, Qazaxıstan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzalayıb. Bu barədə iyunun 6-da respublika hökumətinin rəsmi saytında məlumat verilib.
“Sənəd Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin aparat rəhbəri, polkovnik Yerbola Kumarbekulunun rəhbərliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin rəsmi səfərə gəldiyi Londonda imzalanıb”, - deyə məlumatda bildirilir.
Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sülhməramlı fəaliyyət, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Böyük Britaniyanın ali təhsil müəssisələrində hazırlanması kimi müəyyən edilib.
Sənəd 2025-2026-cı illəri əhatə edir və iki dövlətin müdafiə strukturları arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Məsələnin ən ilginc tərəfi isə budur ki, Londonda sözügedən planın imzalanmasının ardınca isə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dərhal müdafiə naziri Ruslan Jaksılıkovu tutduğu vəzifəsindən azad edib, onun yerinə isə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanovu nazir təyin edib.
Qeyd edək ki, Ruslan Jaksılıkov rusiyayönümlü general kimi tanınırdı.

Rusiya tərəfinin rəsmi Astananın bu addımlarına aqressiv reaksiyası isə yəqin ki, özünü çox gözlətməyəcək.
Maraqlıdır ki, sözügedən əməkdaşlıq planının Londonda imzalanmasından bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan etmişdi ki, "Rusiya dost ölkələrə Böyük Britaniya ilə yaxınlaşmaqdan və öz ölkələrində British Council (Rusiyada arzuolunmaz kimi tanınan) kimi təşkilatlar üçün əlverişli şərait yaratmamaq barədə xəbərdarlıq edir". Lavrovun idarə etdiyi Rusiya XİN-i həmin bəyanatında onu da qeyd edib ki, "London özünün guya təhsil fəaliyyəti ilə əldə etdiyi təsir mövqelərindən digər dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə edir".

Rusiya XİN-in bu bəyanatı sözsüz ki, həyasız bəyanatdır. Çünki belə bir məzmunlu bəyanatın özü artıq birbaşa postsovet ölkələrinin xarici siyasət kursuna müdaxilə etmək, əks təsir göstərmək cəhdidir. Kreml bu bəyanatı ilə onu deməyə çalışır ki, postsovet ölkələri (xüsusən də Mərkəzi Asiyanın türk dövlətləri) Londona yox, yalnız Moskvaya üz tutmalıdırlar...
"British Council"-ın əleyhinə çıxan rəsmi Moskva, postsovet ölkələrində "Rus Evi" deyilən casus yuvalarının önə çıxmasına, onların rahat fəaliyyət göstərmələrinə nail olmaq istəyir.
Qazaxıstan rəhbərliyi isə başa düşür ki, imperiya iştahları gün-gündən artmaqda olan Rusiyaya eynilə Azərbaycan kimi "yox!" deməyin və digər qlobal güc mərkəzləri ilə əlaqələri genişləndirməyin vaxtı artıq çoxdan gəlib çatıb.
P.S.
Azərbaycan və Qazaxıstan bugünlərdə Rusiyanı ciddi şəkildə qıcıqlandıran başqa bir addım da atmağa qərar veriblər...
Beybala Mirzeyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.