Rusiya telekanalı Putini ifşa etdi

24-06-2016, 01:32           
Rusiya telekanalı Putini ifşa etdi
“The Daily Telegraph” yazır ki, Rusiyanın Russia Today telekanalı Moskvanın Suriya müharibəsində yandırıcı silahdan istifadə etməsini faş edib.

Məqalədə deyilir ki, telekanal sonrakı buraxılışlarında ifşaedici fraqmenti videosüjetdən çıxarıb.

Kreml bundan əvvəl beynəlxalq konvensiyanın qadağan etdiyi bu bombalardan istifadəni israrla danırdı.


“The Telegraph” yazır ki, Russia Today telekanalının sözügedən videosu müdafiə naziri Sergey Şoyqunun Suriyadakı Hmeymim hərbi hava bazasına səfərindən bəhs edirdi.

Məqalədə deyilir ki, videosüjetdə bir pilotun nömrələnmiş bombalarla yüklü təyyarənin yanında dayandığı görünür.

Human Rights Watch və Rusiyada mənzillənmiş kəşfiyyat məlumatı qrupu Conflict Intelligence belə bir nəticəyə gəliblər ki, sözü gedən Su-34 təyyarəsi RBK-500 ZAB-2.5SM nömrəli yandırıcı bomba ilə yüklənmişdi.

Bu təşkilatlar bildiriblər ki, belə tipli bombaların içində termit kimi tanınan metal tozu olur. Yerə atıldıqda bu bombalar od kürəsi şəklini alır.

“The Telegraph” yazır ki, bu bəşəriyyətin ən yandırıcı bombalarından biridir.

Məqalədə deyilir ki, bu bombadan yaralanmış insanlar dəhşətli ağrılara düçar olur, yanğını isə söndürmək mümkün olmur.

Cenevrə Konvensiyasında deyilir ki, “yandırıcı silahların kimyəvi reaksiya nəticəsində yaranan alovundan ilkin məqsəd obyektlərin yandırılması və ya insanlara yanıq yaralarının vurulmasıdır”.

Termit tipli bombalardan Suriyanın şimalındakı Hələbin bombardmanı zamanı istifadə edildiyi barədə xəbərlər yayılmışdı.

Rusiya və prezident Bəşər əl-Əsədin aviasiyası bu ərazidə intensiv bombardman əməliyyatları aparır.

Suriya rejimi strateji şəhərin qiyamçılardan alınmasına çalışır.

“İşıq yağışı”
RT-nin sözü gedən yayınından bir gün sonra Hayan ətrafındakı yaşayış məskənlərinin “od kürəsi” bombaları ilə vurulduğu xəbər verilmişdi.

“Göydən sanki parlaq yağış yağırdı, – deyib Hələbdəki bir fəal “The Telegraph” qəzetinə, – Bombardman gecə baş vermişdi və bütün səma işıqlanmlışdı. Sonradan evlər saatlarla yanırdı”.

Bu fəal “The Telegraph” müxbirinə bombardman zamanı çəkilmiş videonu da təqdim edib.


Termit tipli bombalardan Hələbin bombardmanı zamanı istifadə edildiyi barədə xəbərlər yayılmışdı. Kreml bundan əvvəl bu bombalardan istifadəni israrla danıb.
Suriyadakı bir çox başqa fəalların ötən ay ərzində internetə postladığı videolarda da buna bənzər başqa hücumlar əksini tapıb.

“The Telegraph” yazır ki, yandırıcı bombaların havadan atılması Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Rusiya bu Konvensiyanı imzalamış ölkələrdən biridir.

Lakin Suriya rejimi bu protokolu imzalamaqdan imtina edir və 2012-ci ildən bəri yandırıcı silahlardan bir neçə hallarda istifadə edib.

5 saniyəlik seqment
“The Telegraph” yazır ki, yandırıcı bombanın göründüyü 5 saniyəlik seqment təhlilçilər bu fakt barədə xəbər verdikdən dərhal sonra RT kanalında yayılmış videodan çıxarılıb.

Russia Today telekanalının sözçüsü Anton Vorontsev videonun redaktəyə məruz qaldığını etiraf edib, lakin bildirib ki, bunu süjetdə görünən pilotun təhlükəsizliyinə görə ediblər.

Sözçü bildirib ki, redaktədən məqsəd senzura olmayıb. Telekanal sonradan videonun tam variantını öz saytında bərpa edib.

Buna baxmayaraq beynəlxalq təşkilatlar Rusiyanı hərbi cinayətləri ört-basdır etməkdə günahlandırıb.

Bu silahların identifikasiyasına kömək etmiş Bellingcat təhqiqat jurnalistikası saytının yaradıcısı Eliot Higgins “The Telegraph” qəzetinə deyib ki, yandırıcı silahlar Rusiya üçün böyük problem təşkil edir.

O deyib ki, bu silahlardan hələ münaqişədən əvvəl də istifadə olunmağa başlayıb, lakin yenilik bu bombalardan Rusiyanın istifadə etdiyini göstərən faktlardır.

Human Rights Watch təşkilatının direktorlarından Mary Wareham deyib ki, yandırıcı bombalardan dinc əhalinin yaşadığı ərazilərdə istifadə edilməsi yolverilməzdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.