Erməni analitik İqor Muradyan:"Ermənistan rusların girovu, NATO-nun düşməni vəziyyətinə salınıb" - Təhlil

5-07-2016, 10:15           
Erməni analitik İqor Muradyan:"Ermənistan rusların girovu, NATO-nun düşməni vəziyyətinə salınıb" - Təhlil
İqor Muradyan

Lragir.am, 04.07.2016

Təəccüblüdür, Milli Məclisdə xarici siyasət haqda qərarlar necə də operativ, tez və müzakirəsiz qəbul edilir.

Ermənistan 2013-cü il sentyabrın 3-də Avropa Birliyinə inteqrasiyadan imtina etdi və necə bir cinayətin həyata keçirildiyini çox tezliklə başa düşdü. Ermənistanın “marginal” deyilən Avrasiya blokuna daxil olması haqda qərar birnəfəsə qəbul edildi ki, bu da Ermənistana müflisləşmə və rüsvayçı güzəran gətirdi. Real hökumətdə azdan-çoxdan ağıllı adam qalmadı ki, bu qərarı səfehlik hesab etməsin.

Lap bu yaxınlarda aydın oldu ki, Ermənistan yalvararaq, alçalaraq ona pulu çoxdan ödənilmiş silah tədarükü xahiş edib, lakin başqa bir məsələ də bəlli olub ki, KTMT Ermənistanın varlığı üçün dedikcə təhlükəli subyektdir.

Rusiya – Ermənistanın aparıcı “tərəfdaşı” – Azərbaycanın tərəfdaşı çıxdı və başqa dövlətlərdən silah almağa yol vermir.

İndi də ruslarla HHM haqda müqavilə imzalayıblar. Ruslar bununla da Belarusun ələ alındığı Baltika bölgəsinə münasibətdə fəndi təkrarladılar.

Ermənistan bu qayda ilə rusların girovu və NATO-nun düşməni oldu. Ermənistanın keçmiş müdafiə naziri dil boğaza qoymadan Ermənistanın suverenliyi xüsusunda istədiyini təkrar edə bilər. Daha yaxşı olardı ki, Ermənistanın suverenliyi barədə öz xidməti siyahısına göz yetirəydi.

Lakin belə, ya elə, nədənsə bombalar İrəvana düşməyə başlayanda ermənilər öz HHM-i xatırlayacaqlar. Bu bombalar isə şəhərlərimizə hökmən düşməyə başlayacaq. Və ermənilər o zaman ruslara bəraət qazandırmaq üçün səbəb tapacaqlar – əsla erməni rəhbərliyinə deyil, məhz ruslara. “Rusiya həmişə haqlıdır”.

Ermənistan rəhbərliyi əhalinin sükutlu razılığı ilə ölkəni tam dişbatanlığa məhkum etdi və qanuniləşdirilmiş vassal vəziyyətinə saldı. Niyə məhz bu cür olur? NATO-nun heç bir təcürbəli zabiti bundan baş aça bilməz və alyansın mənzil qərargahında Ermənistanı artıq neçə illərdir müdafiə və müstəqillik sahəsində nəyə nail olmaq istədiyini anlamayan dövlət kimi qəbul edirlər. Ermənistandan Rusiyanın maraqlarına yarınmaqdan savayı heç nə gözləmirlər.

Ermənistan rəhbərliyi inanılmaz çaşqınlıqla NATO-nun yeni sammitini gözləyərək NATO-ya üzv ölkələrin toplantısını hansı səviyyədə ziyarət edəcəyini anlamır. Ölkə prezidentinin səfəri ruslar üçün olduqca qalmaqallı olacaq və NATO-nun sammiti üçün ümumən hər bir mənanı itirir. Çox güman ki, ora rus rezidenti, xarici işlər naziri E.Nalbandyanı göndərəcəklər. Yaxşı olardı ki, müdafiə nazirliyindən daha aşağı çinli bir məmur göndərəydilər. Erməni mayoru Varşavada da mayordur.

Ermənilərin yetərincə geniş diapazonda seçimi var idi. Lakin ermənilər özlərini dalana saldılar və müxtəlif siyasi istiqamətlərin, hətta ideologiyların tətbiqi halında heç kim ölkənin bu xroniki durumdan çıxara bilmədi.

Ermənilər kəmsavad xalqdır və bu durumdan necə çıxmaq gərəkdiyini təssəvvür edə bilmir. İndi artıq razılaşmaq lazımdır ki, seçim olmayacaq. Ola bilsin, gözləntilərdən ən pisi olacaq.

Müdafiə sahəsinin problemlərində Rusiyanın təklif etdiyindən başqa heç bir ümid yoxdur. O isə yalnız daha bir müharibədə həlak olmağı təklif edir. Rusların fikrincə, ermənilərin vuruşmaq və qalib gəlmək haqqı yoxdur. Bu, rusların maraqları üçün təhlükə ilə doludur. Bu barədə Roma Papasına demək lazım idi, amma bu da yolverilməzdir. Ermənistan kimi ölkələr üçün “Prosesin planlaşdırılması və dəyişdirilməsi" adlı yeni proqram hazırlayıblar ki, bu ölkələrlə münasibətlər köklü şəkildə dəyişə bilsin. Lakin Ermənistanı nə gözləyə bilər?

Məsələ bundadır ki, NATO bu proqramı qəbul edəcəkmi? Və ikinci sual – Ermənistan bu qərarı ratifikasiya edəcəkmi? Ermənistan Rusiya ilə HHM üzrə müqaviləni təsdiqlədisə, bu qərar nəyə lazımdır? Müdafiə siyasətinin “şaxələndirilməsi ” nə səfeh qavrayışdır belə?

İki düşmənlə əməkdaşlıq nə deməkdir? Çünki Rusiya getdikcə NATO-nun daha çox düşməni olur. Və buna artıq heç kimin şübhəsi yoxdur.

Sual yaranır – NATO Ermənistana niyə Şimali Atlantika tərəfdaşı kimi yanaşmalıdır? Rusiya Ermənistanı əvvəlcə müdafiə məsrəfi durumuna saldı, sonra isə NATO ilə düşmən vəziyyətinə sürüklədi.

NATO və Rusiya bir-birini məhv etməyə can atarkən, iki düşmənin dostu statusundan qalmaq mümkün deyil. Qonşuluğumuzda NATO-nun çoxdankı üzvü Türkiyə yerləşir. Onun fəaliyyətini xeyli illərdir NATO önləyir. NATO-nun bu funksiyası nə üçün davam etməlidir?

Bu vəzifə NATO-da artıq həll olunub və Türkiyənin Ermənistana öz hesabını təqdim etməyinə heç bir səbəb qalmır.

Türkiyənin Qafqaz müharibəsinə cəlbinin mümkünlüyü haqda danışmaq lazım gələcək, hələlik isə rusların və türklərin bu haqda nə dərəcədə tez və operativ şəkildə razılaşacağını gözləmək qalır.

Ermənistandakı rus agenturasından kimsə bunu izah edə bilərdimi? Yeri gəlmişkən, Ermənistanın Rusiyaya “ bağlılığında ” mühüm amil nə ola bilər? Əlbəttə ki, bombalar İrəvana düşməyə başlayanda bu, daha aşkar şəkildə bəlirlənəcək.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.