İran və Səudiyyə daha bir söz müharibəsində

14-07-2016, 01:50           
İran və Səudiyyə daha bir söz müharibəsində
“The Financial Times” yazır ki, Tehran Səudiyyə Ərəbistanını İran müxalifətini dəstəkləməklə İslam Respublikasında sabitliyi pozmaq cəhdləri etməkdə günahlandırıb.

Məqalədə deyilir ki, bu ittiham iki ölkə arasında yeni “söz müharibəsinə” yol açıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanını “taleyini “terrorçulara” bağlamaqda” ittiham edib.


Ziddiyyətli Turki

Bundan bir qədər əvvəl şahzadə Turki əl-Feysəl çox qeyri-adi bir addım ataraq Mücahedine Xəlq (MXT) təşkilatının Parisdə keçirilən konfransında çıxış etmişdi.

Mühacirətdə fəaliyyət göstərən MXT İranın ən mütəşəkkil müxalifəti sayılsa da, ölkə daxilində çox az dəstək və rəğbətə malikdir.

“The Financial Times” yazır ki, bu, Səudiyyənin tanınmış fiqurunun İranın müxalif qrupunun tədbirinə qatıldığı ilk hadisədir.

Şahzadə Turki rəsmi şəxs sayılmasa da, İran onun hərəkətini Səudiyyənin təxribatı kimi qəbul edib.

Cənab Zərif bildirib ki, “əl-Qaeda və Talibanın yaradıcısı Feysəlin orada iştirakı onun öz taleyini “terrorçularla” bağladığını göstərir”.

İranın seçmə İnqilab Keşikçiləri Qvardiyasının sözçüsü, briqada generalı Ramezan Şərif deyib ki, bu hadisə “Səudiyyə ilə “terrorçu” qruplar arasında köhnə bağları yenidən diqqətə gətirib”.

Təmsili müharibələr

“The Financial Times” yazır ki, özlərini qeyri-rəsmi olaraq şiə və sünnilərin hamisi elan etmiş İran və Səudiyyə Ərəbistanı arasında ziddiyyət artıq bir müddətdir region boyunca münaqişələri körükləyir.

Tehran və Riyad arasında diplomatik münasibətlər bu ilin yanvarından kəslib.

Qəzet xatılrladır ki, qonşu Bəhreyn ölkənin ən yüksək şiə ruhanisini vətəndaşlıqdan məhrum edəndə də, İran buna görə Səudiyyəni ittiham etmişdi. Bəhreyn əhalisinin əksəriyyəti şiələr olsa da, ölkəyə Səudiyyədən dəstək alan sünni azlıq hökmranlıq edir.

Öz növbəsində səudlar İranın Suriya, Yəmən və İraq kimi ölkələrdəki münaqişələrə müdaxilə etməsindən hiddətlidirlər.

Şahzadə Turkinin 1979-cu ildən bəri İran rəsmilərinə qarşı sui-qəsdlərdə məsul bilinən MXT-nin yığıncağında çıxış etməsi iki ölkə arasında gərginliyin yeni fazası kimi qiymətləndirilir.

Çəkişirlər, müharibə istəmirlər

Bununla yanaşı, təhlilçilər deyirlər ki, bu son insidentin ciddi nəticələrə səbəb olacağına inanmırlar.

İranın vəzifəli rəmilərindən biri deyib ki, həm İran, həm də Səudiyyə qarşıdurmanı öz aralarındakı sərhədə gətirməyəcək dərəcədə müdrikdirlər.

Səudiyyə müşahidəçiləri bildirirlər ki, şahzadə Turkinin MXT-nin konfransında iştirak etməsi İranı bilərəkdən qıcıqlandırmaq məqsədi güdüb. Bununla yanaşı, onlar iki ölkə arasında münasibətlərin gərginləşməsindən doğan təhlükənin ciddiliyini dilə gətirirlər.

Bir sıra Səudiyyə analitikləri deyirlər ki, Tehran və Riyad regionla gərginliyin azaldılması istiqamətində hərəkət etməlidirlər.

İran rəsmilərinin fikrincə, İran və Səudiyyə Ərəbistanı arasında təmsili müharibələrin səngiməsi üçün Vaşinqton və Moskvanın öz aralarında Suiriyaya dair razılığa gəlmələri zəruridir. (BBC azeri)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.