Bulvarı qana bulayan adam: "Gülürdü..." - FOTO
18-07-2016, 19:28

Fransanın Nitsa şəhərində gecə saatlarında başlanmış dəhşət səngiməyib. Şəhərin "Promenade des Anglais" bulvarında yük maşınını insanların üzərinə sürən terrorçu 84 nəfəri qətlə yetirib, 120 nəfəri yaralayıb.
Şəhərdə hələ də sakinlərin əksəriyyəti polisin tələbi ilə evlərdə oturublar. Bulvarda cəsədlər yığışdırılsa da, lüks "Negresco" oteli "səhra hospitalı" olaraq çalışır. Hollda yaralılar var, müstəntiqlər şahidləri dindirirlər.
Bulvardakı yüzlərlə insan yük maşınının şütüdüyü an özlərini dənizə atdıqları üçün sağ qalıblar.
Həmin zavallıları xilasedicilər sonradan sudan çıxarıblar.
Amma hamı belə çevik hərəkət edə bilməyib.
"Tərpənə bilmirdim. Sanki, iflic olmuşdum. İnsanların qışqırmalarına, yerə yıxılmalarına baxırdım. Sanki, kinoda idim... Yaşlı qadın yük maşınının təkərləri altına düşdü. Başı əzildi, ayaqları qopdu. O, son nəfəsində dedi: "Ölürəm...." Yardım etmək istədim, amma məni maşın vurub kənara atdı", - fransız tələbə Elen deyir.
Kiprian Maro isə Nouvel Observateur-ə söyləyib: "Yük maşını yanımdan keçdi. Sürücünün simasını bir anlıq gördüm. Saqqallı idi. "Allahu əkbər!" qışqırdı, sonra gülməyə başladı".
Terrorçu isə Nitsa sakini, əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahuayec Buhleldir. Üç övlad atası olan bu şəxs teraktdan 3 gün əvvəl 25 tonluq yük maşınını icarəyə götürmüşdü. O, bulvarın girəcəyindəki polislərə "restorana dondurma aparıram" demişdi.
Polislərin güllələdiyi terrorçunun evində axtarış aparılır. Qonşuların dediklərinə görə, Buhlel "sakit, başıaşağı insan" idi.
Milli.Az