Yaponiyada AES-də sızma aşkarlandı
11-01-2024, 13:08

Yaponiyada 1-5 yanvar tarixləri arasında baş verən çoxsaylı zəlzələlərdən sonra “Sika” Atom Elektrik Stansiyasından (AES) dənizə yeni neft sızması aşkar edilib.
Atom Elektrik Stansiyasını idarə edən “Tohoku Electric Power” şirkəti stansiyanın yaxınlığında dəniz səthində 100x30 metr ölçüdə neft ləkəsi aşkar edib. Bu təbəqənin zəlzələ zamanı AES-in ikinci blokunda transformatorda baş vermiş sızmanın nəticəsi olduğu təxmin edilir.
Qeyd edilib ki, ölçmələr AES-dən kənarda fon radiasiyasında heç bir dəyişiklik olmadığını aşkar edib.
Yanvarın 7-də də analoji təbəqə aşkarlanıb və birinci təbəqənin 5x10 ölçüdə olduğu bildirilib.
Yanvarın 1-də Noto yarımadasında baş verən zəlzələ zamanı Atom Elektrik Stansiyasında 5 bal gücündə zəlzələ hiss olunub. Zəlzələdən sonra elektrik stansiyasını 3 metr hündürlüyündə sunami vurub. Nəticədə stansiyanın 1-ci və 2-ci blokunda iki transformatorda borular partlayıb, izolyasiya və soyutma işlərində istifadə olunan yağ sızıb.
Şirkət əvvəlcə 3500 litr yağın sızdığını açıqlasa da, sonradan bu rəqəmin 5 dəfə çox, 19800 litr olduğu üzə çıxıb. Açıqlamada bu sızmanın stansiyanın təhlükəsizliyinə təhlükə yaratmadığı və radiasiya fonunun normal səviyyədə olduğu bildirilib. (Qafqazinfo)