Vaşinqtonda "Twilight Zone: Okeanın Gizli Möcüzələri" adlı sərgi açılıb
2-10-2024, 16:08
Vaşinqtonda açılan yeni sərgi dənizin az tanınan təbəqəsi və orada yaşayan qəribə canlılardan bəhs edir. Artechouse incəsənət mərkəzi və Woods Hole Okeanoqrafiya İnstitutu "Twilight Zone: Okeanın Gizli Möcüzələri" adlı sərginin təşkilində əməkdaşlıq edib. Maksim Adamsın reportajı.
Nəhəng kalmar, psixodelik meduza, qorxulu dəniz iblisi və mikroskopik plankton. Dənizin dərinliklərindəki bu canlılar Vaşinqtonun Artechouse incəsənət mərkəzində yeni audiovizual şouda nümayiş etdirilir.
"Twilight Zone: Okeanın Gizli Möcüzələri" Artechouse və okean tədqiqatı, kəşfiyyatı və tədrisi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı olan "Woods Hole Okeanoqrafiya" İnstitutunun birgə layihəsidir. Woods Hole Okeanoqrafiya İnstitutundan Heydi Sosik: "Son altı il ərzində mən planetimizin okeanın "Twilight Zone" adlanan heyrətamiz hissəsini araşdırmaq və daha çox öyrənmək üçün apardığımız böyük layihədə çalışan alimlər, mühəndislər və kommunikasiya mütəxəssisləri qrupuna rəhbərlik edirəm."
"Twilight Zone" (Alatoranlıq zonası) okeanın daha az araşdırılan və daha sirli hissələrindən biridir. Səthdən 200-lə 1000 metr arasında olan su təbəqəsinə günəş işığı çətin çatdığı üçün ora daim yarıqaranlıqdır. Orada yaşayan bəzi dəniz canlıları yemək tapmaq üçün suyun səthinə yalnız gecələr çıxır.
Alaqaranlıq zonanın bir çox sakini okeanın qaranlıq dərinliklərində öz yollarını "bioluminesans" adlı kimyəvi proses sayəsində işıqlandıra bilir. Onlar bu super gücdən ünsiyyət qurmaq, cütləşmək və özlərini dərin su yırtıcılarından qorumaq üçün istifadə edərək, dərin suları möhtəşəm işıq şousuna çevirir.
Sərgi təkcə alaqaranlıq zonanın gözəlliyinə deyil, planetimizin rifahında oynadığı mühüm rola da diqqət çəkir. Heydi Sosik: "Biz elm adamları olaraq okeanın alaqaranlıq zonası haqqında nə qədər çox bilsək, okeanın, Yer kürəsinin məhsuldarlığı üçün bunun nə qədər vacib olduğunu bir o qədər çox bilirik və bu, hətta bütün planetin iqlimini tənzimləməyə yardım edir."
Bu sərgi Artechouse-un dünya üzrə elmi qurumlarla əməkdaşlığının davamıdır. Artechouse təsisçisi Sandro Kereselidze: "NASA ilə kainatımız və James Webb teleskopunun heyrətamiz şəkilləri haqqında danışdığımız zaman əməkdaşlıq. Sonra Neyrologiya Cəmiyyəti ilə əməkdaşlıq etdik. Dünya, kainat və beynimizdə baş verənlər haqqında danışdıq."
Sərgi bu əsrarəngiz dəniz canlılarının təbii gözəlliyini qeyd edir və dünyamızın ən böyük hissəsini - suyun altındakı hissəni daha yaxşı anlamağımızın nə üçün lazım olduğunu izah edir.