Zelenski Roma Papasından Rusiyada əsirlikdə olan ukraynalıların azad edilməsinə yardım göstərilməsini xahiş edib

12-10-2024, 16:14           
Zelenski Roma Papasından Rusiyada əsirlikdə olan ukraynalıların azad edilməsinə yardım göstərilməsini xahiş edib
Cümə günü Vatikanda Roma Papası Fransislə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüş zamanı Zelenski Roma Papasından Rusiyada əsirlikdə olan ukraynalıların azad edilməsinə yardım göstərilməsini xahiş edib.

Zelenski həmçinin Vatikanı ayın sonunda hərbi əsirlərlə bağlı Kanadada keçiriləcək konfransda iştirak etməyə dəvət edib.

Zelenski Telegram kanalında "Rusiya əsirliyində olan ukraynalıların vətənə qayıtmasında Müqəddəs Taxt-Tacın yardımına ümid edirik" - deyə, yazıb və əlavə edib ki, görüş zamanı bu mövzu müzakirələrin mərkəzində olub.

Vatikanın bəyanatında Ukrayna prezidentinin daha sonra Vatikanın diplomatik rəhbəri ilə söhbətində "müharibə, eləcə də onu bitirmək yolları"nın müzakirə olunduğu bildirilib.

Görüşün yekununda Roma Papası Fransis Zelenskiyə quşun yanında bitən çiçəyi təsvir edən və üzərində “Sülh kövrək çiçəkdir” yazısı olan bürünc sənət əsərini hədiyyə edib.

Zelenski isə Papaya Buçadakı xarabalıqlar arasında uşağı əks etdirən rəsm hədiyyə edib.

Zelenski bu həftə Avropaya səfərini başa çatdırır. O, təklif etdiyi "qələbə planını" Britaniya, Fransa, İtaliya və Almaniya liderləri, həmçinin NATO-nun baş katibi Mark Rutte ilə müzakirə edib.

Bu ilin mart ayında Roma Papası Fransis "ağ bayraq" altında müharibəyə son qoymaqla bağlı danışıqlar aparmalı olduğunu dediyinə görə, Ukrayna rəsmilərini qəzəbləndirmişdi. Zelenski Papanın açıqlamalarını uzaqdan "virtual vasitəçilik" kimi qiymətləndirib.

Cümə axşamı Roma Papası Fransis Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri, arxiyepiskop Svyatoslav Şevçukla görüşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.