Klinton-Tramp debatı başlayır –ABŞ seçkilərinin taleyinə təsir edən mərhələyə start verilir
25-09-2016, 11:13

Sentyabrın 26-da amerikalılar indiyə kimi bir-birinə ittihamlar yağdıran prezidentliyə əsas rəqib namizədlər – demokrat Hillari Klintonun və respublikaçı Donald Trampın üzbəüz debatını izləyəcəklər.
ABŞ təcrübəsində belə debatlar xüsusilə, rəqiblər arasında seçim etməkdə tərəddüd yaşayan seçicilərin mövqeyini müəyyənləşdirməyə kömək edir.
Sentyabrın 26-na nəzərdə tutulan ilk debatda rəqiblər öz iddialarını bir daha ortaya qoymaqla qalibiyyətə gedən yolu hamarlaşdıra və ya daş-kəsəyə çevirə bilərlər.
Klinton və Tramp arasında ilk debat Nyu-Yorkda, Hofstra Universitində baş tutacaq.
Prezidentliyə namizədlər arasında ritorik mübahisələr ilk dəfə 1960-cı ildə televiziya ilə yayımlanıb və Amerika siyasi tarixinə maraqlı anlar, sitatlarla həkk olunub.
"Reuters" bəzi debatlardan maraqlı məqamları bir sapa düzüb:
1960: 70 milyonluq tamaşaçı ilk dəfə televiziyada Amerika prezident seçkisində namizədlər respublikaçı Riçard Nikson və demokrat Con Kennedinin debatına baxıblar. Xəstəxanadan yenicə çıxan Riçard Nikson qrimdən imtina edib, 5 saat kölgədə qalıb. Əksinə, Kennedinin görünüşü normal və xarizmatik olub. Tamaşaçılar nə eşitdiyinə yox, nə gördüyünə hədəflənib və nəticədə Kennedi seçkini udub.
1976: Demokratların namizədi Cimmy Karterin Gerald Fordla debatı. Həmin debatda Ford deyib: "Burda Sovetin Şərqi Avropadakı dominantlığı yoxdur. Nə qədər ki, Ford adminstrasiyası var, olmayacaq da".
Analitiklər hesab edirlər ki, Fordun bu sözləri Karterə seçkini qazanmağa kömək edib.
1980: Karter respublikaçıların namizədi Ronald Reyqanla debatda onu yaşlı insanlar üçün tibbi xidmətin maliyyələşdirilməsi planına görə tənqid edib. Reyqan isə Karterə bir çox məsələlərin öhdəsindən gəlmədiyini vurğulayıb və auditoriyada gülüş oyadan “Siz yenə də gedin” deyib. Seçkini Reyqan qazanıb.
1984: 73 yaşlı Reyqan demokratların namizədi, 56 yaşlı Valter Mondeyl üçün deyib ki, o, yaş məsələsini qabartmasa da, “onun rəqibi gənc və təcrübəsizdir”. Reyqan yenidən seçilib.
1992: İlk dəfə üç namizəd arasında debat keçirilib: Corc H.V. Buş, demokratların namizədi Bill Klinton və müstəqil namizəd Ross Perot bir platformanı paylaşıblar. Seçkini Klinton udub.
1996: Respublikaçı Bob Dol və Bill Klintonun ikinci debatında bir tələbə Doledən soruşub ki, gənclərin ehtiyaclarını anlamaq üçün özünü qoca sayırmı? Bob Dol deyib ki, bu yaşda onun təcrübəsi və dərrakəsi o deməkdir ki, müdriklik qazanıb. Klinton isə müdaxilə edərək deyib ki, Dolu prezident olmaq üçün qoca saymır, o, Dolun ideyalarının yaşını sorğulayır.
Həmin seçkini də Bill Klinton qazanıb.
2000: Vitse-prezident Al Qor və republikaçı namizəd Corc V. Buş üç dəfə debata çıxıblar. İkinci debatda Buş deyib ki, hamı səhv edir: “Mən də bir-iki dəfə sözü düzgün tələffüz etməmişəm”. Seçkini Texas qubernatoru, keçmiş prezidentin oğlu Corc Buş udub.
2012: Obama respublikaçı namizəd Mitt Romniylə ilk debatda uğursuzluqla üzləşmişdi. Ancaq ikinci debatda Romni ona ünvanlanan qadın bərabərliyi ilə bağlı suala verdiyi cavabla özünü rüsvay etmişdi. Romni demişdi ki, onun dövlət vəzifələrinə namizədləri arasında qadınlar var, ancaq bu fikri belə ifadə etmişdi: “Kabinet postlarına namizədlər arasında bir “qovluq qadın” namizəd var”.
Onun sözləri sosial şəbəkələrdə, mediada uzun-uzadı tənqid hədəfi oldu və seçkini Obama qazandı…
Azadliqradiosu.az